İspaniya hökuməti ABŞ-nin Rota və Moron hərbi bazalarından İrana qarşı hücumlar üçün istifadə etməsinə icazə verməyib, rəsmi Madrid bu addımı “əsassız və təhlükəli hərbi müdaxilə” kimi qiymətləndirib.

İspaniyanın Baş naziri Pedro Sanchez ABŞ və İsrailin İrana qarşı “birtərəfli hərbi əməliyyatını” açıq şəkildə pisləyib, bunun “daha düşmən və qeyri-müəyyən beynəlxalq nizamın formalaşmasına” səbəb olduğunu bildirib. Hökumətin mövqeyi ABŞ-nin İspaniya ərazisində birgə idarə olunan hərbi bazalardan istifadə tələbinin rədd edilməsi ilə daha da gücləndirilib.
Söhbət Naval Base Rota və Moron Air Base bazalarından gedir. Madrid davam edən zərbələr çərçivəsində bu obyektlərin istifadəsinə razılıq verməyib.
İspaniyanın xarici işlər naziri Jose Manuel Albares bazar ertəsi bildirib ki, hökumət “İran xalqı üçün demokratiya, azadlıq və fundamental hüquqlar” istəsə də, heç bir halda ölkə ərazisindəki bazaların mövcud hərbi əməliyyat üçün istifadəsinə imkan verməyəcək.
Nazir Telecinco telekanalına açıqlamasında vurğulayıb: “Çox açıq və konkret demək istəyirəm, bazalar nə istifadə olunur, nə də istifadə olunacaq. Onlar ABŞ ilə imzalanmış razılaşmadan kənar heç bir məqsəd üçün və BMT Nizamnaməsi ilə əhatə olunmayan fəaliyyət üçün istifadə edilə bilməz”.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
