Bu gün:

İran ölkənin dini lideri Ayətullah Əli Xameneinin öldüyünü təsdiqləyib


İran dövlət televiziyası ölkənin ali dini lideri Ayətullah Əli Xamenei’nin öldüyünü rəsmən təsdiqləyib.Dövlət televiziyasının aparıcısı göz yaşları içində Xameneinin vəfatını elan edərək ölkədə 40 günlük matəm elan olunduğunu bildirib.

Yüksək Milli Təhlükəsizlik Şurasına istinadla yayılan açıqlamada Xameneinin ölüm səbəbi barədə məlumat verilməyib. Açıqlamada onun “şəhadətinin zalımlara qarşı üsyanın başlanğıcı” olacağı vurğulanıb.

Xameneinin öldürülməsindən sonra bazar günü Əlirza Arafi yeni daimi lider seçilənədək ölkənin idarəçiliyini üzərinə götürəcək müvəqqəti rəhbərlik şurasına təyin edilib. Həmin şurada Prezident Məsud Pezeşkian və Məhkəmə Hakimiyyəti rəhbəri Qulam Hüseyn Mühisini Ejei də yer alır.

Şənbə günü baş verən hücumlar zamanı Xameneidən başqa bir sıra yüksək vəzifəli şəxslərin də həlak olduğu bildirilir.

İran dövlət televiziyası ölkənin Baş Qərargah rəisi Əbdülrəhim Musəvinin hava zərbələri nəticəsində həyatını itirdiyini açıqlayıb. Tehran rəhbərliyi, həmçinin İnqilab Keşikçiləri Korpusunun komandanı general Məhəmməd Pakpurun ölümünü təsdiqləyib.

Dövlət mediasının məlumatına görə, hücum zamanı Xameneinin qızı, kürəkəni və nəvəsi də həlak olub.

Bir kəşfiyyat və hərbi mənbə CBS News-ə bildirib ki, hücumlar nəticəsində ümumilikdə təxminən 40 iranlı rəsmi şəxs həyatını itirib.

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et