Donald Tramp cümə günü verdiyi açıqlamada İranın danışıqlardakı mövqeyinin Vaşinqtonu məyus etdiyini bildirib. O vurğulayıb ki, daha əvvəl bəhs etdiyi mümkün hərbi zərbə ilə bağlı hələlik yekun qərara gəlməyib.
Prezident həftə sonunu keçirmək üçün Mar-a-Lago kompleksinin yerləşdiyi Florida ştatına yollanacaq.
Tramp bu fikirləri Geneva şəhərində ABŞ və İran nümayəndələrinin görüşündən bir gün sonra səsləndirib. O bildirib ki, Tehran “lazımi öhdəlikləri verməyə hazır görünmür”.
Mümkün güc tətbiqi barədə sualı cavablandıran ABŞ Prezidenti “Hələlik yekun qərar verilməyib” deyə qeyd edib. Tramp əlavə edib ki, Vaşinqton İranın nüvə silahına sahib olmamasını tələb edir və danışıqlar prosesindən tam razı deyil: “Biz İranın nüvə silahına malik olmamasını istəyirik, lakin onlar bunu açıq şəkildə ifadə etmirlər”.
ABŞ və onun bir sıra müttəfiqləri İranın nüvə silahı hazırlamaq istiqamətində irəliləyiş əldə etdiyindən narahat olduqlarını bildirir. Tehran isə bu ittihamları davamlı şəkildə təkzib edir.
Tramp qeyd edib ki, İranın nüvə proqramı ilə bağlı razılaşma əldə olunmasa, Tehrana qarşı hərbi addım variantı gündəmdə qala bilər. ABŞ rəhbərliyi 2003-cü ildə İraqın işğalından bəri Yaxın Şərqdə ən böyük Amerika hərbi kontingentinin formalaşdırıldığını bildirir. İran isə mümkün hücum halında güc tətbiqi ilə cavab verəcəyini açıqlayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
