Bu gün:

Meksikada kartel liderinin öldürülməsindən sonra azı 65 nəfər həyatını itirib


Meksikada ən çox axtarılan cinayətkarlardan biri, narkotik karteli lideri “El Menço”nun ABŞ-nin dəstəyi ilə keçirilən əməliyyat zamanı öldürülməsindən sonra baş verən zorakılıq hadisələri nəticəsində azı 65 nəfərin həyatını itirdiyi bildirilir.

22 fevral 2026-cı il tarixində Meksikanın Puerto Vallarta şəhərində də bir çox nöqtədən tüstülərin qalxdığı müşahidə olunub.

Məlumata görə, ölənlər arasında azı 25 nəfər təhlükəsizlik əməkdaşıdır.

Əsl adı Nemesio Oseguera Cervantes olan “El Menço”, Meksikanın ən güclü cinayət təşkilatlarından biri hesab edilən Jalisco Yeni Nəsil Kartelinin (CJNG) lideri olub.

Keçmiş polis əməkdaşı olan 59 yaşlı Oseguera ölkənin qərbində, Jalisco ştatının paytaxtı Guadalajarada keçirilən əməliyyat zamanı yaralanıb və paytaxt Mexikoya aparılarkən dünyasını dəyişib.

Hadisədən sonra ölkənin 32 ştatından 20-də zorakılıq hadisələrinin qeydə alındığı bildirilir.

İctimai asayişin təmin olunması məqsədilə küçələrə cəlb edilən hərbçilərin sayının 10 minə çatdığı vurğulanır.

Meksika Prezidenti Claudia Sheinbaum keçirdiyi mətbuat konfransında əməliyyatı yüksək qiymətləndirərək əsas prioritetinin ölkə üzrə sülh və təhlükəsizliyin təmin olunması olduğunu bildirib.

Prezident Sheinbaum: “Sakitlik var, hökumət var, silahlı qüvvələr var və çox yaxşı koordinasiya mövcuddur”, – deyə qeyd edib.

Türkiyə tərəfindən yayımlanan açıqlamada da hadisələrin yaxından izlənildiyi bildirilib.

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et