İraqda Kürdistan Yurtseverler Birliği sədri Bafel Talabaninin ev sahibliyi ilə ABŞ nümayəndələri ilə Suriya Demokratik Qüvvələri arasında görüş keçirilib.
Şam rəhbərliyi Suriyanın şimal bölgələrini mərkəzi hökumətə inteqrasiya etmə prosesini davam etdirdiyi bir vaxtda ABŞ ilə bölgədəki kürd idarəçiliyi arasında daha bir görüş baş tutub. ABŞ-nin Ankaradakı səfiri Tom Barrak SDQ komandanı Mazlum Abdi ilə görüşüb.
Görüşün Süleymaniyədə keçirildiyi bildirilib. Verilən açıqlamaya görə, əsas müzakirə mövzusu 29 yanvar tarixli razılaşmanın icrası zamanı yaranan maneələrin aradan qaldırılması olub.
Məlumata əsasən, yanvar ayının sonunda Suriya ordusu ölkənin şimal-şərqində yerləşən yaşayış məntəqələrinin böyük hissəsinin nəzarətini SDQ-dən geri alıb. Bunun ardınca ABŞ ordusu SDQ-nin nəzarətindən çıxan bölgələrdə yerləşən hərbi bazalarını boşaltmağa başlayıb. Üzərində ABŞ bayrağı olan hərbi texnikaların bəzi kürd qüvvələrinin nəzarətində qalan ərazilərdən Şimali İraq istiqamətində geri çəkildiyi bildirilib.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
