2026-cı ilin fevral ayının sonunda astronomiya həvəskarları üçün nadir və maraqlı səma hadisəsi müşahidə olunacaq.
Bu şəkildə planetlər ardıcıl olaraq düzülüb: Merkuri, Venera, Yupiter, Yer Kürəsi, Saturn, Uran, Neptun, Mars
Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptun eyni dövrdə Günəşin eyni tərəfində yerləşərək Yer kürəsindən baxıldıqda səma boyunca bir xətt üzərində düzülmüş kimi görünəcək. Bu hadisə astronomiyada “planetar uyğunlaşma” və ya “planetlərin paradı” adlanır.
Planetlər əslində kosmosda tam düz xətt üzrə yerləşmirlər, lakin onların orbitləri təxminən eyni müstəvidə – ekliptika adlanan xətt boyunca hərəkət etdiyi üçün müəyyən vaxtlarda Yerə belə vizual effekt yaranır. Fevralın 28-i gün batdıqdan təxminən 30–45 dəqiqə sonra qərb üfüqü istiqamətində baxan müşahidəçilər xüsusilə əlverişli şəraitdə bu nadir düzülməni görə biləcəklər.
Venera və Yupiter ən parlaq obyektlər kimi dərhal seçiləcək, Saturn nisbətən zəif olsa da adi gözlə görünə biləcək, Merkuri isə üfüqə çox yaxın yerləşdiyi üçün müşahidəsi bir qədər çətin olacaq. Uran və Neptun isə çox uzaq və sönük olduqlarından onları görmək üçün binokl və ya teleskop tələb olunur. Alimlər bildirirlər ki, bu cür çoxsaylı planet uyğunlaşmaları tez-tez baş vermir və bir neçə ildən bir müşahidə edilir, lakin hadisənin Yerə hər hansı fiziki və ya cazibə təsiri yoxdur, bu yalnız vizual astronomik hadisədir. İşıq çirklənməsinin az olduğu açıq ərazilərdə müşahidə daha aydın olacaq və planetləri ulduzlardan fərqləndirmək üçün onların işığının titrəmədiyini, sabit parıltı verdiyini nəzərə almaq kifayətdir. Bu nadir səma mənzərəsi həm peşəkar astronomlar, həm də adi səma həvəskarları üçün kosmosun dinamik quruluşunu canlı şəkildə izləmək baxımından mühüm və maraqlı elmi hadisə hesab olunur.
Mənbə: The Times of India
Tərcümə etdi: Turqut Ansari
