Alimlər insan beyninin yaddaş mexanizmi ilə bağlı maraqlı nəticə əldə ediblər. ABŞ-ın Massachusetts Institute of Technology universitetində aparılan araşdırma göstərib ki, yaddaşın formalaşmasında təkcə neyronlar deyil, həm də onları dəstəkləyən hüceyrələr mühüm rol oynayır.
Tədqiqat zamanı müəyyən edilib ki, astrosit adlanan bu hüceyrələr yalnız neyronları qorumaq funksiyasını daşımır, eyni zamanda onların bir-biri ilə əlaqəsini gücləndirir və məlumatın daha uzun müddət yadda saxlanmasına kömək edir. Bu nəticə beynin işləmə mexanizmi ilə bağlı əvvəlki təsəvvürləri dəyişə bilər.
Alimlərin fikrincə, bu kəşf gələcəkdə yaddaş pozuntularının, xüsusilə Alzheimer xəstəliyinin müalicəsində yeni yanaşmaların hazırlanmasına imkan yarada bilər.
Mənbə: Daily Science
Tərcümə etdi: Turqut Ansari
