Alimlər tibbi görüntüləmə sahəsində çox ciddi bir yeniliyə imza ataraq insan bədəninin daxilini radiasiya olmadan, rəngli və tam üçölçülü şəkildə göstərən yeni texnologiya hazırlayıblar.
Bu texnologiya ultrasəs ilə fotoakustik tomoqrafiyanı birləşdirir və mövcud ultrasəs, KT və MRT üsullarından fərqli olaraq həm toxumaların quruluşunu, həm də qan damarlarının fəaliyyətini eyni vaxtda göstərməyə imkan verir. İş prinsipi belədir ki, ultrasəs dalğaları toxumaların formasını müəyyən edir, lazer işığı isə toxumalara göndərildikdə udulma nəticəsində yaranan akustik siqnallar ölçülür və bu məlumatlar birləşdirilərək rəngli 3D görüntü əldə olunur. Bu üsulda nə ionlaşdırıcı radiasiya var, nə də kontrast maddələrə ehtiyac duyulur ki, bu da onu insan sağlamlığı üçün daha təhlükəsiz edir və tez-tez istifadə edilməsinə şərait yaradır.
Yeni sistemlə aparılan sınaqlarda sinə toxuması, ətraflar və yumşaq toxumalar çox qısa müddətdə – təxminən bir dəqiqədən də az vaxtda – yüksək dəqiqliklə görüntülənib. Alimlər bildirirlər ki, bu texnologiya gələcəkdə xərçəng xəstəliklərinin erkən aşkarlanmasında, damar və sinir zədələnmələrinin izlənməsində, diabetlə bağlı fəsadların araşdırılmasında və hətta beyin fəaliyyətinin öyrənilməsində inqilabi rol oynaya bilər. Qısacası, bu yenilik tibbi diaqnostikanı həm daha təhlükəsiz, həm daha sürətli, həm də daha dəqiq edərək yaxın illərdə xəstə müayinələrinin keyfiyyətini köklü şəkildə dəyişdirə biləcək gücdə hesab olunur.
Mənbə: Daily Science
Tərcümə etdi: Turqut Ansari
