2020-ci ilin yayı Şimal yarımkürəsində rekord səviyyədə isti keçib

2020-ci ilin yayı Şimal yarımkürəsində rekord səviyyədə isti keçib

2020-ci ilin yay fəsli meteoroloji müşahidələr dövrü ərzində Şimal yarımkürəsində rekord səviyyədə isti keçib.
24Media TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Dünya Meteorologiya Təşkilatı ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinə istinadla məlumat yayıb.
Qurumun məlumatına görə, nəinki yay fəsli, ötən avqust ayı da müşahidələr tarixinin ən isti dövrü olub. İyun-avqust aylarında havanın orta hərarəti 2016-cı və 2019-cu ilin analoji dövründə qeydə alınan rekord göstəricilərdən 1,17 dərəcə isti keçib. Şimal yarım kürəsində ən isti beş yay mövsümü 2015-ci ildən sonra qeydə alınıb.
Şimali Amerikada da avqust meteoroloji müşahidələr dövrünün ən isti ayı kimi tarixə düşüb. Qlobal miqyasda isə o, havanın hərarətinə görə ikinci yeri tutur.
Qeyd edək ki, 2016-2020-ci illər havanın və iqlimin sistematik müşahidələri dövrünün ən isti beşilliyi kimi tarixə düşə bilər. Bu dövr ərzində havanın orta temperaturunun 1850-1900-cu illərdə qeydə alınan göstəricidən 1,1 dərəcə, 2011-2015-cu illərdəki göstəricidən isə 0,24 dərəcə çox olacağı gözlənilir.