11 sentyabr terroru - “Əkiz qardaş”ları “dəmir quş”lar öldürdü

11 sentyabr terroru - “Əkiz qardaş”ları “dəmir quş”lar öldürdü

Terror dünya tarixində ən dəhşətli hadisələrdən biridir. Onlarla, minlərlə, bəlkə də, milyonlarla günahsız insanın siyasi, dini, ideoloji, iqtisadi və ya digər maraqlar uğrunda öldürülməsi onların ailələrində və ya terror aktına şahid olmuş insanlarda illər boyu davam edən qorxu və narahatlığa gətirib çıxarır. İndiyədək davam edən bu faciəvi hadisələrin ən yadda qalanlarından biri də vaxtilə Vanqanın proqnozlarından biri olan "Əkiz qüllələr" terror aktıdır.

Bəs indiyədək unudulmayan, cizgi filmlərdə öncədən göstərildiyi iddia olunan bu hadisələr necə baş verib?

11 sentyabr 2001-ci ilin sabahı bütün Amerika dəhşətli bir terror aktı ilə oyandı. 19 il bundan öncə 19 terrorist Boston, Nyuark və Vaşinqtondan San-Fransisko və Los-Ancelesə uçmalı olan dörd sərnişin təyyarəsini ələ keçirərək Nyu-Yorkdakı "Əkiz qüllələr"ə və Virciniyadakı ABŞ Müdafiə Nazirliyinə-Pentaqona hücum etdi. 

Saat 07:59-da Bostondakı Loqan Beynəlxalq Hava Limanından qalxan "Boeing 767-223ER" tipli təyyarə 08:16-da istiqamətini dəyişdi və 08:46-da Dünya Ticarət Mərkəzinin şimal qülləsinə çırpıldı.

Hücumdan 102 dəqiqə sonra bina yerlə yeksan oldu.

İlk hücumdan 17 dəqiqə sonra beş terroristin qaçırdığı "United Airlines"ə aid 175 saylı təyyarənin cənub qülləyə çırpılmasını isə bütün dünya canlı izləmişdi.

Hücumdan 56 dəqiqə sonra ikinci bina da yerlə bir oldu.

Həmin gün hücumdan saniyələr əvvəl çəkilmiş şəkillər isə görənləri heyrətə gətirir:

Həyəcan, qorxu və çarəsizlik hissi təkcə hücuma məruz qalanları yox, ekran arxasındakı milyonlarla insanı da ələ keçirmişdi.

Bu dəhşətli canlı yayımı izləyən insanlar artıq dünyanın heç bir yerində özlərini rahat hiss edə bilməyəcəkdilər.

İkinci qüllənin vurulmasından 34 dəqiqə sonra - 09:37-də beş terroristin idarə etdiyi üçüncü - "American Airlines"a aid 77 saylı təyyarə isə Virciniyadakı Pentaqona çırpıldı. 

Havada başqa təyyarə var?!

Pentaqon hücumundan 26 dəqiqə sonra "Havada başqa təyyarə varmı?" narahatlığı yarananda dördüncü təyyarənin Pensilvaniyada endirildiyi xəbəri gəldi. Dörd terroristin qaçırdığı "United Airlines"a aid 93 saylı bu təyyarənin əsl hədəfinin Ağ Ev və ya Parlament binası ola biləcəyi müzakirə olunur. 

Hücumlardan sonra mediada qanlı hadisənin Amerika hökuməti tərəfindən təşkil olunduğu iddiaları yarandı. Amma terror aktının məsuliyyətini 1988-ci ildə qurulan və Üsəma bin Ladin tərəfindən idarə olunan Əl-Qaidə terror təşkilatı öz üzərinə götürdü. 

Bunun ən böyük nəticəsi isə Amerikada müsəlmanlara qarşı yaranan qərəz, nifrət və irqçilik oldu. Hücumu həyata keçirənin Əl-Qaidə olması və bunun din uğrunda "cihad" üçün edildiyinin iddia edilməsi ABŞ-da yaşayan müsəlmanların həyatını olduqca çətinləşdirdi. ABŞ-da artıq müsəlmanlara qarşı ciddi ayrı-seçkilik görünməyə başladı və bu hal tezliklə digər Qərb ölkələrinə də yayıldı.

Terror hadisələrindən 1 ay sonra Amerika Prezidenti Corc Herbert Uoker Buş Əfqanıstana hava hücumunun əmrini verdi. 20 mart 2003-cü ildə isə Amerikan ordusu "İraqın sahib olduğu silahlar təhdid yaradır" bəhanəsi ilə İraqa daxil oldu.

Ordunun Bağdada girməsi ilə Səddam Hüseynin 24 illik hakimiyyəti sona yetdi. ABŞ tərəfindən tutulan Səddam 3 il davam edən məhkəmədən sonra edam edildi. ABŞ ordusu 2011-ci ildə İraqı tərk edəndə - Barak Obama dövründə 11 sentyabr hücumunun səbəbkarı olan Üsəma bin Ladin də öldürüldü.

Yaşanan faciələrin sonrasında Dünya Ticarət Mərkəzinin olduğu ərazidə 11 sentyabrda şəhid edilmiş insanlara hörmət üçün abidə quruldu.