Əvvəlki illərdə bağlı qalmış daha bir cinayətin üstü açılıb

Əvvəlki illərdə bağlı qalmış daha bir cinayətin üstü açılıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 24Media-ya bildirilib ki, 2004-cü il aprel 24-də paytaxtın Yasamal rayonunun C.Cabbarlı küçəsində yaşayan 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi Aygün Əzizovanın birgə yaşadıqları mənzildə üzərilərində çoxsaylı xəsarətlər olan meyitlərinin aşkarlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılıb, lakin cinayəti törətmiş şəxs (şəxslər) müəyyən edilmədiyindən iş üzrə icraat dayandırılıb.

2022-ci il aprelin 14-də Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən iş üzrə icraat təzələnməklə həyata keçirilmiş istintaq tədbirləri nəticəsində müəyyənləşdirilib ki, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəssisəsində saxlanılan Anar Ağalarov qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə quldurluq etmək məqsədi ilə 2004-cü il aprelin 24-də saat 18:30-da Rəhilə Cəlilovanın yaşadığı mənzilə daxil olduqda həmin vaxt orada Aygün Əzizovanın da olduğunu görüb özləri ilə və mətbəxdən götürdükləri bıçaqlarla çoxsaylı xəsarətlər yetirməklə Rəhilə Cəlilova və Aygün Əzizovanı xüsusi amansızlıqla qəsdən öldürüb, daha sonra mənzildə olan 600 ABŞ dolları məbləğində pul vəsaitini götürüb hadisə yerini tərk ediblər.

Toplanmış mötəbər sübutlar əsasında Anar Ağalarova Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq-sağlamlığa ağır zərər vurmaqla) maddələri ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.