Əməkdar incəsənət xadiminin xatirəsi yad olunub

Əməkdar incəsənət xadiminin xatirəsi yad olunub

Aprelin 15-də Musiqi Mədəniyyəti Dövlət Muzeyində Əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın anadan olmasının 90 illiyi qeyd edilib.

24Media xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək alimin mənalı həyat yolu haqqında danışıb, yaradıcılığı barədə məlumat verib.

Muzeyin direktoru Elmira Abasovanın Azərbaycan musiqi mədəniyyətindəki rolundan, verdiyi töhfələrdən, gözəl oratorluq qabiliyyətindən, həm ictimai, həm də pedaqoji fəaliyyətindən ətarflı bəhs edib.

Bildirilib ki, 1932-ci il yanvarın 10-da anadan olan E.Abbasova, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) musiqişünaslıq ixtisası üzrə bitirib, həmin ildən ömrünün sonunadək bu müəssisədə pedaqoji fəaliyyət göstərib.

E.Abasova 1958-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illərdə ittifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub.

Musiqişünas-alim, ictimai xadim E.Abasovanın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. 1967-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb, 1977–1991-ci illərdə isə Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsini icra edib. O, yaradıcılıq boyu Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin yaradıcılığına böyük məhəbbət bəsləyib və ömrünün sonunadək onun əsərlərinə müraciət edib, öz təhlillərini dəfələrlə nəzərdən keçirərək yeni fikirlərlə genişləndirib. Görkəmli bəstəkar Qara Qarayevin yaradıcılığı da musiqişünası daim cəlb edib. O, 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.

Sonra Elmira Abbasovanın qızı Bakı Musiqi Akademiyasının dosenti, Kaminə Məmmədova çıxış edərək anasının xatirəsinə göstərilən hörmətə görə təşəkkür edib, onunla bağlı xatirələrini bölüşüb.

Çıxışlar muzeyin zəngin materialları əsasında hazırlanmış videoçarxla müşahidə edilib.

Tədbir konsert proqramı ilə davam edib.