İnsan psixologiyasında filmlərin rolu

İnsan psixologiyasında filmlərin rolu

Ötən əsrlərdən fərqli olaraq, 21-ci əsr insanı maraqları və məşğuliyyətlərinin zənginliyi ilə seçilir. Məsələn, 20-ci əsrdə insanlar boş vaxtlarını yanlız kitab oxumaq, film seyr etmək, musiqi dinləməyə sərf etsələr də seçim imkanları az idi. Elm və texnikanın inkişafını nəzərə alaraq günümüzdə bu maraqlara olan seçim daha çoxdur. Hazırda dünyada filmlərə daha çox vəsait ayrılır və daha çox film istehsal olunur.

Film bəzən gülməli, bəzən kədərli, bəzən yaxşı, bəzən də pis olan bir dünyadır. Tarix və müasirliyin, nağıl və gerçəkliyin, nifrət və sevginin kəsişdiyi bir dünya...

Filmləri böyükdən kiçiyə hər kəs sevir. Çünki film izləmək maraqlı və məlumatlandırıcı bir prosesdir. Film insana zövq verir, onun asudə vaxtını işıqlandırır, əhvalını  yüksəldir və ya əksinə kədərli düşüncələrə qapılmasına səbəb olur.


 

Bəs filmlərin insan sağlamlığına və psixologiyasına müsbət təsirləri haqqında məlumatımız varmı?

Araşdırmalar nəticəsində məlum olub ki, film yalnız duyğu fırtınası yaşamaq, əylənmək və ya ümumi şüuru artırmaq üçün deyil, həm də sağlamlıq üçün izlənilə bilər. Filmlərdən bir növ terapevtik metafora kimi istifadə metodu kino terapiyasının əsasını təşkil edir. Londonlu psixoterapevt Berni Vudernin bu texnikanı icad etdiyi güman edilir. O, müxtəlif emosional problemləri olan xəstələrinə film izləmələrini tövsiyyə edir.

Psixoloq Aidə Nəbiyeva bu terapiya ilə bağlı fikirlərini oxucularımızla bölüşdü:

"Kinoterapiya psixologiyanın "art terapiya" bölməsinə aid edilir. Yəni, bir növ incəsənət ilə bağlı üsuldur. Bütün dünyada, daha çox isə Rusiyada tədbiq edilən köhnə bir terapiya növüdür və əsasən qrup şəklində daha effektiv olur. İnsanlar qrup halında hər hansı bir filmə baxır, daha sonra onu birlikdə müzakirə edirlər. Onlar öz hisslərini real şəkildə yaşaya və yaxud dilə gətirə bilmirlər. Filmin qəhrəmanında bu hissləri gördükdə isə öz fikirlərini daha rahat ifadə edə bilirlər. Təəssüf ki, Azərbaycanda psixoloqlar demək olar ki, bu terapiyadan istifadə etmirlər."

Araşdırmalarımıza əsasən insanlar psixoloqa müraciət etmədən də bu terapiyanı tətbiq edə bilərlər. Bunun üçün sadəcə əhval-ruhiyyəyə uyğun bir film seçib izləmək olar.

Film əhvalımıza və fiziki vəziyyətimizə təsir edə bilər. Digər bir araşdırmaya görə, şiddət dolu filmlərə baxmaq qan dövranını pozur və sağlamlığa mənfi təsir göstərir. Komediya filmləri isə qan dövranını yaxşılaşdırır və stresi idarə etmək  üçün əla bir müalicədir. Gülüş zamanı bədəndə xoşbəxtlik hormonu istehsal olunur ki, bu da depressiyanın öhdəsindən gəlməyə kömək edir.