Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 53 min 894 nəfər və ya 0,5 faiz artaraq bu il sentyabrın 1-nə 10 milyon 35 min 351 nəfərə çatıb. Əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 116 nəfərdir.

Dövlət Statistika Komitəsindən 24media.az-a bildirilib ki, bu ilin 8 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 91 min 513 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb. Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2144-ü əkiz, 54-ü üçəm, 4-ü isə dördəm doğulanlardır.

Cari ilin yanvar-avqust aylarında ölkədə 37 min 916 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,0-dan 5,7-yə düşüb.

Səkkiz ayda qeydiyyat şöbələri tərəfindən 42 min 163 nikah və 11 min 317 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,4-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Yanvar-avqust aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1342 nəfər Azərbaycana gələn, 1045 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 297 nəfər təşkil edib.