Uşaq üçün ən böyük travma- Ailə daxili şiddət

Uşaq üçün ən böyük travma- Ailə daxili şiddət

Şiddət ruhumuzu dörd bir yandan bürüyüb. Sözü şiddətlə söyləyərək özünü daha yaxşı ifadə edəcəyini düşünən cəmiyyət olmaq yolundayıq. Şiddətin ilk toxumları, şübhəsiz ki, uşaqlıq dövründə yetişir. Ailədə baş verən şiddət uşaqların həyatlarının hər sahəsinə mənfi təsir edir, güvənlərini sarsıdır, zamanla davranış formasına çevrilir.

Uşaqlar mübahisəni də görməlidirlər, amma diqqətli olun

Mübahisələrin uşaq üstündəki təsiri necə və hansı sıxlıqla yaşanması ilə əlaqəlidir. Əgər mübahisələr tez-tez olmur və sonda həll yolu tapılırsa, bu zərərli deyil, əksinə, faydalıdır. Uşaqlar ailədə zaman-zaman fikir ayrılıqlarının ola biləcəyini, buna hörmətlə yanaşmalı olduqlarını öyrənirlər. Lakin bu müzakirələr baş verdikdə valideynlər bir-birlərinə olan münasibətlərinə, istifadə etdikləri ton və seçdikləri sözlərə diqqət yetirməlidirlər. Əks halda, uşaqlar valideynlərinin bir-birilərini, dolayısıyla da onları sevmədiklərini düşünürlər. Nifrətin səbəbini özlərində axtarırlar. Qəzəbin onlara yönəlməsindən qorxurlar.

Şiddətə məruz qalan uşaqların güvən duyguları zədələnir

Şiddətə məruz qalan uşaqların bunu ana-atalarından- ən təməl 2 güvən ünsürlərindən gördükləri üçün duyğularının zədələndiyinə diqqət çəkən Zeynəb Eyyubova “Məişət zorakılığına məruz qalan uşaqlarda ən həssas hiss etimad hissidir. Bütün insanlara qarşı etibarsız olmağa başlayan uşaqlar daha böyük psixoloji problemlərlə üzləşə bilərlər. Uşaqlar valideynləri bir-birlərinə fiziki, psixoloji və ya başqa bir şəkildə zorakılıq göstərdikdə özlərini günahlandırırlar. Güvənsizlik və günahkarlıq hissi uşaqları çıxmaza sürükləyir. Bu səbəbdən, valideynlər bu mövzuda olduqca həssas olmalıdırlar, uşaqları aralarında yaşanan problemin onların günahı olmadığına, tez bir zamanda həll edəcəklərinə, hər 2 tərəfin də onları sevdiklərinə inandırmalıdırlar”,- deyə bildirib.

Ailə daxili şiddət uşaqlara hər yaşda fərqli təsir edir

Valideynlər arasındakı mübahisələrin uşağa təsiri şübhəsiz ki, hər yaşda mənfi olur. Araşdırmalara görə, məktəbəqədər uşaqlar, adətən, sevgisizlikdən şikayət edirlər. 7-8 yaşından etibarən detallara fikir verirlər, 9-10 yaşlarında günahkar axtarmağa başlayırlar, yəni tərəf seçirlər. Yeniyetməlik ən çətin dövrdür. Ana-atanın mübahisələrinin daimi şahidi olan yeniyetməni narahat ev mühiti daxili qarşıdurmaya, hətta cinayətə sövq edə bilər. Valideyn modeli yeniyetmənin şəxsiyyətinin formalaşmasında əvəzsiz rol oynayır. Onlar gələcəkdə şiddət tətbiq edən və ya buna məruz qalan şəxs olmağa da meyilli olurlar.

Şiddət insan haqlarının pozulmasıdır

Evdəki gərgin mühitdən təsirlənən uşaq məktəbdəki dostlarına qarşı aqressiv davrana, özünü onlardan təcrid edib tək qala bilər. Psixoloq Fuad Əsəsdov onlarda kin, sevgisizlik, empatiya yoxsulluğu yarandığını və gələcəkdə heç kimi sevə, sevgilərini ifadə edə bilmədiklərini bildirib: “Bu zaman uşaqlar ən yaxşı halda xoşbəxt ola bilmirlər. Digər hallarda isə gələcəkdə manyaklara çevrilə bilərlər. Bu da cəmiyyətə mənfi təsirini göstərər. Şiddət heç bir halda ailə daxili məsələ deyil, insan haqlarının pozulmasıdır”.

Mənfi təcrübə nəsildən-nəsilə keçir

Psixoloq Zeynəb Eyyubova qeyd edib ki, şiddət baş verən ailələrdə böyüyən uşaqlar gələcəkdə qurduqları ailələrdə də şiddətə əl atırlar.

“Şiddət mühitində yetişən uşaqlar bütün problemlərini şiddətlə çözür, övladlarına, həyat yoldaşlarına qarşı da zorakılıq edirlər. Yəni, ailə içi şiddət bir ailəyə təsir etmir, həmin ailədəki uşaqlar vasitəsilə nəsildən-nəsilə keçir”.

Şiddətin uşaqlara təsirindən danışan psixoloq sonda ana-atalara səslənib: “Övladlarınızı mübahisəyə daxil etməyin, tərəf seçmək məcburiyyətində qoymayın. Bir-birinizi pisləməyin və digər ailə üzvlərinin də bunu etməsinə icazə verməyin. Boşanmaq, tərk etmək, ayrılmaq kimi ifadələri davamlı təkrarlamayın. Hirsinizi uşaqlardan çıxmayın. Heç bir şəkildə anlaşa bilmirsinizsə, psixoloqa müraciət edin. Psixoloji yardım ailənizi və uşaqlarınız gələcəyini xilas edə bilər".