Kağızdan şah əsər yaratma sənəti - Oriqami

Kağızdan şah əsər yaratma sənəti - Oriqami

Uşaq olarkən hamımız kağızlardan nələrsə düzəltməyə çalışmışıq, ancaq bilirsinizmi, kağızlarla işləmək özü bir incəsənətdir?

 

Kvadratşəkilli kağız parçalarını kəsmədən və yapışdırıcı maddə istifadə etmədən, sadəcə qatlayaraq müxtəlif canlı və cansız fiqurlar düzəldilməsi “oriqami” adlanır. Bu sənət növü yapon incəsənətinin bir hissəsi hesab olunur.

 

Azərbaycanda bu sahə kütləvi şəkildə yayılmasa da, fərdi məşğul olanlar var. 24media.az 7 ildir bu sahədə fəaliyyət göstərən Pərvin Abdullazadə ilə müsahibəni təqdim edir:

 

- Oriqami sənətinin tarixi ilə bağlı nə deyə bilərsiniz?

Çində kağız ixtira edildikdən bir müddət sonra qiyməti aşağı düşdü və yerli tacirlər ondan müxtəlif yerlərdə istifadə etməyə başladılar. Bəzək və hədiyyəlik məhsullar insanların diqqətini cəlb edirdi. Beləliklə, kağızların qatlanaraq fiqur halına gəlməsi ilə yeni sənət növü yarandı. Alimlər bu məşğuliyyətin uşaqların zehni inkişafına müsbət təsir etdiyini təsdiqləyəndən sonra məktəblərdə də öyrədilməyə başlandı.

 

Yaponiyada bu sənətin məşhurlaşması isə fərqli olub. Bu ölkədə 1000 ədəd durna quşu oriqamisi düzəldib arzu tutanda diləklərin reallaşacağına inanırdılar. 2ci dünya müharibəsi dövründə Yaponiyaya atılan bombalar nəticəsində 11 yaşlı Sadako Sasaki qan xərçəngi olub. Həmin uşaq da bu sayda oriqami düzəldərsə, sağalacağına ümid edib, lakin 644- cü bitdiyi gün dünyasını dəyişib. Yoldaşları onun yerinə ədədi tamamlayıb məzarına qoyublar. Bu hadisə Hiroshimada 6 Avqust- Dünya Uşaq Barış Gününün meydana gəlməsinə səbəb olub.

 

- Nümunələrin hazırlanma prosesi nə qədər davam edir?

Oriqamilərin hazırlanma prosesi diqqət və səbr tələb edir. Sifariş verilən məhsul ölçüsündən asılı olaraq, 1 həftədən 2 aya qədər müddətdə hazırlana bilər. Hərəkətli, modulyar, pureland, kirigami kimi müxtəlif növləri olduğundan sərf olunan vaxt da dəyişir.

 

- Bu növlər bir-birilərindən nə ilə fərqlənirlər?

Hərəkətli oriqamidə adından da göründüyü kimi düzəldilən fiqur hərəkət etdirilə bilir. Modulyar oriqami “3D origami”də adlanır. Bildiyimiz kimi quru kağızları istədiyimiz şəklə salmaq, qatlamaq çətin, bəzi hallarda isə mümkünsüz olur. Buna görə də, yaş qatlamaq növündə quru kağızdan deyil, nəm kağızdan istifadə olunur. 1970- ci illərdə yaradılan dağların və çöllərin təsvir olunduğu növ pureland adlanır. Eyni zamanda, qayçı və yapışdırıcı maddədən istifadə etməklə hazırlanan Kiriqami adlı növü də var.

- Əşyaların hazırlanmasında nə qədər kağız işlədilir?

Kağızların işlənmə sayı müxtəlifdir. Məsələn:

Bu güldana 900 kağız parçası işlədilib.

 

Bu halqaların hər birinə isə 40 xırda kağız işlədilib.

 

- Daha çox hansı məhsullara tələbat var? Və qiymətlər hansı aralıqda dəyişir?

Güldanlar, Azərbaycan xəritəsi və xüsusi yazılara tələbat daha çoxdur. Qiymətləri 5 manatdan başlayır, 70-80 manata qədər dəyişə bilir. Qiymətin fərqliliyi kağızın keyfiyyəti ilə birbaşa bağlıdır. Kağız keyfiyyətsiz olanda hazırlanan məhsul tez sıradan çıxır.

 

- Bu sahə ilə bağlı gələcək planlarınız nələrdir?

Gələcəkdə oriqami sənəti ilə bağlı kurs təşkil etmək arzusundayam. Azərbaycanda bununla bağlı heç bir məktəb və ya dərnək yoxdur. Özüm internetdən öyrənmişəm, bilgilərimi bir qədər inkişaf etdirdikdən sonra başqalarına da faydalı olmaq istəyirəm. Gördüyüm işə, sənətə hörmət edən hər kəslə maraq dünyamı bölüşməyə hazıram.