Tramp ona qarşı başladılan impiçment prosedurunu çevriliş adlandırıb

Tramp ona qarşı başladılan impiçment prosedurunu çevriliş adlandırıb

ABŞ Prezidenti Donald Tramp Konqresdə ona qarşı başladılan impiçment prosedurunu çevriliş adlandırıb.

24media.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti “Twitter” səhifəsində bildirib.

“Hər keçən gün öyrəndiklərimdən belə qənaətə gəlirəm ki, baş verənlər impiçment deyil. Bu, xalqın gücünü, səsvermə hüququnu, azadlıqlarını, ABŞ vətəndaşı kimi din, ordu, sərhəd divarı, konstitusiyaya ikinci düzəlişlə bağlı və Tanrının verdiyi hüquqları onların əllərindən almağı məqsəd daşıyan bir çevrilişdir!”, - deyə D. Tramp vurğulayıb.

Qeyd edək ki, D. Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında iyul ayının 25-də baş tutan telefon danışığından sonra demokratlar bildiriblər ki, D. Tramp telefon danışığı zamanı V. Zelenskiyə təzyiq göstərərək rəsmi Kiyevdən Demokrat partiyasının üzvü, sabiq vitse-prezident Co Baydenin oğlu ilə bağlı araşdırma aparılmasını tələb edib. Ağ Ev D. Tramp və V. Zelenski arasında baş tutmuş telefon danışığının mətnini yayımlayıb. ABŞ Prezidenti ukraynalı həmkarı ilə telefon danışığı zamanı bildirib ki, V. Zelenski Bayden məsələsinə baxsa, əla olar.

Ukrayna Prezidenti isə öz növbəsində vəd edib ki, yeni Baş prokuror bu məsələ ilə məşğul olacaq.

Artıq ABŞ Nümayəndələr Palatası Prezident D. Trampa qarşı impiçment proseduruna başlayıb. İmpiçmentdə ABŞ Prezidenti də daxil olmaqla, qanun pozuntuları, dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayətlərdə günahlandırılan federal işçilərin vəzifədən uzaqlaşdırması tələb edilir.

Bu günə qədər ABŞ tarixində dövlət başçısına qarşı impiçment proseduru cəmi üç dəfə olub.