Cənubi Koreya KXDR-in raket sınağından narahatdır

Cənubi Koreya KXDR-in raket sınağından narahatdır

Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurasının təcili iclasında Koreya Xalq Demokratik Respublikasının (KXDR) oktyabrın 2-də növbəti dəfə raket buraxılışı həyata keçirməsindən narahatlıq ifadə olunub.

24media.az AZƏRTAC-a istinadla xəbər verir ki, KXDR-in yerli vaxtla səhər 7:11-də Vonşan şəhəri yaxınlığından şərq istiqamətində raket buraxılışdan sonra Cənubi Koreyada Milli Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Bildirilir ki, Şimali Koreyanın həyata keçirdiyi test su altından buraxılan ballistik raketın sınağı olub. "Pukguksong" adlı raket maksimum 910 kilometr yüksəklikdə 450 kilometr uçduqdan sonra dənizə düşüb.

ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentinin komandanlığı da raket buraxılışı barədə məlumatlı olduğunu bildirib.

Şimali Koreya bundan əvvəl 2016-cı ilin avqustunda da su altından ballistik raketin buraxılışı sınağını keçirmişdi. "Pukguksong-1" adlı raket 500 kilometr uçmuşdu. Güman olunurdu ki, o vaxtdan bəri KXDR həmin raketin təkmilləşdirilməsi üzərində işini davam etdirərək uçuş məsafəsini 1300 kilometrə çatdırmağı çalışıb.

Qeyd edək ki, raket buraxılışı KXDR-in Xarici İşlər nazirinin müavini Çoe Son Huyun rəsmi Pxenyanın ABŞ ilə işçi səviyyədə danışıqlara razılaşdığını bəyan etməsindən bir gün sonraya təsadüf edir. Bəyanatda bildirilib ki, tərəflər oktyabrın 4-də danışıqlar keçirəcək.