“UPS” şirkəti poçt bağlamalarını dronların köməyi ilə çatdırmağa imkan verən sertifikat alıb

“UPS” şirkəti poçt bağlamalarını dronların köməyi ilə çatdırmağa imkan verən sertifikat alıb

ABŞ Nəqliyyat Nazirliyi və Federal Aviasiya İdarəsi poçt bağlamalarının təcili çatdırılması və logistika üzrə ixtisaslaşan “United Parcel Service” (“UPS”) şirkətinə poçt bağlamalarını dronların köməyi ilə çatdırmağa imkan verən sertifikat təqdim edib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, “UPS”in törəmə şirkəti “Flight Forward” Şimali Karolina ştatında pilot proqramını uğurla həyata keçirəndən sonra ona aviadaşıyıcı və pilotsuz uçuş aparatlarının operatoru sertifikatı verilib. Şirkət bu proqram çərçivəsində Roli şəhərindəki xəstəxana kompleksinin ətrafında içərisində tibbi ləvazimatlar, o cümlədən qan olan bağlamaları dronların köməyi ilə çatdırıb.

Bu sertifikat “UPS” şirkətinə birbaşa görünməyən dronları idarə etməyə də imkan verəcək. Yəni bu halda dronun təyinat yerinə uçuşu müddətində operatorun onu izləməsi zəruri olmayacaq.

“UPS” əvvəlcə dronlardan məhz tibbi materialların daşınması üçün istifadə edib. Lakin şirkət dronlarla bağlama çatdırılması xidmətlərini genişləndirməyi planlaşdırır. Şirkətin rəhbərliyi əvvəlcə bu cür bağlamaları başqa xəstəxanalara çatdırmaq, sonra isə digər sahələrə aid bağlamaların çatdırılmasını da əhatə etmək niyyətindədir.

Standart sertifikat çəkisi 25 kiloqramdan çox olmayan və gecə vaxtı uçan dronlardan qeyri-məhdud sayda istifadə etməyə imkan verir.