Azərbaycanda ilk dəfə uşaq ədəbiyyatının elektron və səsli bazası yaradılıb

Azərbaycanda ilk dəfə uşaq ədəbiyyatının elektron və səsli bazası yaradılıb
Azərbaycanda ilk dəfə uşaq ədəbiyyatının elektron və səsli bazası yaradılıb

Azərbaycanda ilk dəfə uşaq ədəbiyyatının elektron və səsli bazası –  Uşaqkitabı.az saytı yaradılıb.

24media.az bu barədə layihə rəhbəri Eldar Kərimovla olan müsahibəni təqdim edir:

- Uşaqkitabı.az saytının hazırlanması və uşaq kitablarının səsləndirilməsi fikri hardan ortaya çıxdı? 

Uşaq kitablarının səsləndirilməsi layihəsi bir ehtiyacın nəticəsi olaraq ortaya çıxdı. Azərbaycan dilində bir neçə ədəbiyyatın səsləndirilməsi olsa da uşaq ədəbiyyatının səsləndirilməsi demək olar ki, yox dərəcəsindədir. Xüsusilə də, uşaqlarda milli-mənəvi dəyərlərimizi düzgün şəkildə aşılayacaq ədəbiyyatlar isə həm azdır, həm də səsləndirilməyib. Artıq iki ildir ki, bu sahədə böyük işlər görən Gəncliyə Yardım Fondu, TİKA ilə birlikdə “Kitab Tutan Balaca Əlllər” və “Kitabın İşığın Olsun” layihələri həyata keçirir. Birinci layihə çərçivəsində Azərbaycan və Türkiyədən olan müəlliflər tərəfindən qələmə alınmış 9, ikinci layihə çərçivəsində isə 10 uşaq ədəbiyyatı balacaların istifadəsinə ödənişsiz olaraq verilmişdir.

Bir-birindən maraqlı olan bu kitablara marağın yüksək səviyyədə olduğunu görüb əldə edə bilməyənlər üçün də Uşaqkitabı.az saytını hazırlayıb bütün bu kitabları bir bazada topladıq. Bir addım da önə gedərək, həmin kitabları səsləndirib mp3 formatlarını uşaqlarımızın istifadəsinə verməyi qərara aldıq. İstənilən valideyn saytımıza daxil olaraq istədiyi kitabı virtual oxuya, endirə və mp3 formatını öz övladına dinlədə bilər. Bunun üçün heç  bir ödəniş tələb olunmur. Hələlik saytımızda bütün kitabların PDF formatı hazırlanıb qoyulsa da, bu kitablardan bir neçəsi səsləndirilmişdir. Ancaq qısa müddət ərzində bütün kitablarımızın səsli formatları kiçik kitabsevərlərin istifadəsinə veriləcəkdir.

- Bu layihənin təqdim etdiyi xidmətlərdən ən çox kimlər istifadə edəcək?

Əvvələr səsli kitab deyildiyi zaman sadəcə görmə məhdudiyyətli insanlar nəzərdə tutulurdusa, indi artıq bu anlayış dəyişib. Dünyanın inkişaf etmiş ölkələrində də görmə məhduduyyəti olmayan milyonlarla insan səsli kitablardan istifadə edir. Audio Nəşrlər Asossiasiyasının anket nəticələrinə görə, 2018-ci ildə ABŞ-da təxminən, 1 milyard dollara yaxın audio kitab satışı həyata keçirilib. Bu da onu deməyə əsas verir ki, səsli kitablara duyulan ehtiyac durmadan artır. İstər oxuma və yazma qabiliyyəti formalaşamayan yaş qurpuna aid edilən kiçik uşaqlar üçün, istərsə də müəyyən yaşdan sonra görmə qabiliyyəti zəifləyən yaşlı insanlarımız bu xidmətlərdən rahatlıqla istifadə edə bilər. Bunla yanaşı tələbələr, iş adamları və kitab oxumağa vaxt tapa bilməyən bir çox insan da bu xidmətdən istifadə edərək vaxtlarını səmərəli keçirə bilərlər. Əgər nəzərə alsaq ki, böyük şəhərlərdə metrodan və ictimai nəqliyyatdan istifadə edən insanlar gün ərzində vaxtlarının kifayət qədər hissəsini yollarda keçirir bu zaman deyə bilər ki, səsli kitablar onlar üçün vaxtlarını qiymətləndirməyə əvəzsiz bir vasitədir.

- Səsli kitablarn faydaları haqqında nə deyə bilərsiz?

Qeyd etdiyim kimi son zamanlar texnologiyanın da inkişafı ilə səsli kitablara ehtiyac duyulmaqdadır. İstənilən mp3 player ilə şəhər gəzintisində olarkən, maşın idarə edərkən rahat bir formada sevdiyiniz ədəbiyyatı dinləyə bilərsiniz. Bu həm vaxtın səmərəli istifadəsinə, həm gözlərə düşən yükün azaldılmasına, həm də bahalı kitablara ödənilən məbləğin azaldılmasına gətirib çıxarır. Biz ümid edirik ki, bizim bu layihə çərçivəsində uşaqlıq illərindən səsli kitablara adət etmiş fərdlər gələcəkdə bu öyrənmə metodundan maksimum ustifadə edib öz informasiya bazalarını zənginləşdirəcəklər.  

Bununla bərabər, görmə məhdudiyyətli insanların kitab oxumaqları bu formada daha da asanlaşır. Sadəcə könüllü insanların oxuduğu kitablarla deyil, peşəkar insanlar tərəfindən səsləndirilmiş kitabların və minlərlə kitabın görmə əngəlli insanlara nə qədər faydalı olduğunu deyə bilərik. Bununla yanaşı, görə bildiyi halda oxuya bilməyənlərin, yəni oxumağı bacarmayanların və oxuya bildiyi halda kitab almağa imkanı olmayanlara da səsli kitabların faydası olduqca çoxdur. Eyni zamanda bu kitabların nəşr edilməsi, bir yerdən başqa yerə daşınmasına ehtiyac yoxdur. Kitablar daha ucuz başa gəlir: daha az ağac kəsilir, daşınma xərci olmur və.s. Xırda bir cihaz vasitəsilə yanınızda böyük bir kitabxanaya yerləşəcək qədər kitab daşıya bilirsiniz. Heç tətilə gedərkən “hansı kitabı yanımda aparım” – deyə fikirləşirsiniz mi? Budur sizə həll yolu! Qulaq asaraq öyrətmək, oxuma yazma bilməyən uşaqlarımıza dilimizi düzgün öyrətməyin ən gözəl yoludur. Səsli kitablar, inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsildə istifadə edilən geniş yayılmış bir təhsil vasitəsidir. Çünki bu dövrdə çox şey eşidilərək və  təqlidlə başlayır.

Bu gün insanların bir çoxu müxtəlif cihazlarla musiqiyə qulaq asırlar. Mp3 və cib telefonları ilə musiqi dinləmək mümkündür. Deməli, bu cihazlar ilə kitab “oxumaq” da mümkündür.? Bu cür cihazlar ilə musiqi dinləyən insanların, zamanlarının onda birini bu səsli kitablara sərf edərək, səsli kitablar vasitəsilə roman, şeir, tarix və digər əsərlər dinləyə bilərlər.

- Bu sahədə gələcək hədəfələriniz nələrdir?

Gələcək hədəflərimiz istər klassik, istərsə də modern uşaq ədəbiyyatını səsli formata keçirərək gələcək nəsillərin istifadəsinə verməkdir. Cəmiyyətimizdə elə ailələr var ki, onlar öz övladlarına istədikləri ədəbiyyatı alıb oxuda bilmir. Bunun üçün kifayət qədər maliyyə vəsaiti tələb olunur. Biz həmin ailələrin də ehtiyacını nəzərə alaraq və cəmiyyətimizin hər bir fərdinə dəyər verərək onların kitab ehtiyaclarını qarşılamaq üçün daha çox çalışacaq və daha çox ədəbiyyatı onların istifadəsinə verəcəyik. Biz inanırıq ki, gələcək nəsillərimiz nə qədər maariflənmiş və oxumuş olsalar, cəmiyyətimizin gələcəyi o qədər işıqlı və aydın olacaq.