İlin sonunadək kirayə yolu ilə mənzil satışına başlanacaq

Fonddan bildirildiyinə görə, satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində fond tərəfindən mənzil fondunun formalaşdırılması üzrə araşdırma aparılır və hazırlıq işləri gedir

İlin sonunadək kirayə yolu ilə mənzil satışına başlanacaq

24media.az Yeni Müsavat-a istinadən bildirir.

İKZF: “İddiaçıların mənzilinin olmasına məhdudiyyət qoyulmayıb”

 “Yaxın günlərdə bu istiqamətdə ilkin işlər yekunlaşdırılacaq. Ümumiyyətlə, mexanizmin fəaliyyətini təmin etmək üçün fond tərəfindən zəruri prosedurlar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib. Bundan başqa, vətəndaşlara daha operativ xidmət göstərilməsi və şəffaflığın artırılması üçün ASAN Xidmət mərkəzləri ilə əməkdaşlıq əldə edilib. Hazırda proseslərin avtomatlaşdırılması həyata keçirilir”.

Cavabda qeyd olunur ki, mənzil fondunun formalaşdırılması məqsədilə seçilən yaşayış sahələri 2013-cü ildən sonra inşa edilmiş, tikintisi başa çatdırılmış və mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, tam təmirli, qaz, su və elektrik enerjisi ilə təchiz edilmiş mənzillər və yaşayış evləri ola bilər: “Mənzil fondunun formalaşdırılmasında yaşayış sahəsinin qiymət baxımından vətəndaşlar, xüsusilə az və orta təminatlı vətəndaşlar üçün əlçatan olması, kirayəçilərin rahatlığı üçün təmirin keyfiyyəti və tikinti normalarına uyğunluğu, infrastruktur obyektlərə yaxınlıq və kirayəçilərin istirahət hüquqlarını həyata keçirə bilməsi üçün həyatyanı sahə ilə təmin olunma kimi amillər nəzərə alınır”.

Qeyd edək ki, əksər ekspertlər kirayə yolu ilə mənzil satışında əvvəlcədən mənzili olan vətəndaşların iştirakına məhdudiyyət qoyulmasını təkif edirlər. Hesab olunur ki, bu məhdudiyyət sosial mənzillərin imkanlı şəxslər tərəfindən əldə olunub kirayə verilməsi kimi halların qarşısını almağa, güzəştli şərtlərlə kirayə mənzilə sırf mənzili olmayan, ehtiyaclı təbəqənin əlinin çatmasına imkan  verəcək. Belə bir məhdudiyyətin qoyulub-qoyulmayacağına dair sualımıza cavab olaraq İKZF-dən verilən cavaba görə, “qaydalarda bununla bağlı hər hansı məhdudiyyət müəyyənləşdirilməyib”.  Bununla yanaşı, kirayə yolu ilə mənzil əldə etmək üçün vətəndaşların harada qeydiyyatda olmasına da hər hansı tələb nəzərdə tutulmur.

Fonddan onu da bildiriblər ki, Azərbaycan əhalisinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildən etibarən ipoteka kreditləşməsi sisteminin tətbiqinə başlanılıb: “2006-2019-cu illərdə İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,33 milyard manat təşkil edib, bu kreditlər hesabına 27 minə yaxın ailə öz yaşayış şəraitini yaxşılaşdırmaq imkanı əldə edib. Nəzərinizə çatdırırıq ki, adi ipoteka kreditləri fond tərəfindən daxili maliyyə bazarlarından cəlb edilmiş, güzəştli ipoteka kreditləri isə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir. Hər ilin əvvəlində həm adi, həm də güzəştli ipoteka kreditləri üzrə fond tərəfindən müvəkkil banklara limitlər ayrılır. Cari il üzrə də ipoteka kreditlərinin verilməsi üçün banklara limitlərin ayrılması təmin edilib. Ayrılmış limitlər çərçivəsində 2019-cu il ərzində müvəkkil banklar tərəfindən 117,0 milyon manat məbləğində ipoteka kreditləri verilib. İlin sonunadək ipoteka kreditlərinin verilməsi davam etdiriləcək”. 

2019-cu ildə dövlət büdcəsindən güzəştli ipoteka kreditləşməsinin maliyyələşdirilməsinə ayrılmış vəsaitin 40 milyon manat məbləğində hissəsi Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsinə yönəldilib və hazırda bu mənzillərin alınmasına güzəştli ipoteka kreditlərinin verilməsi də davam etdirilir.

Fond qeyd edir ki, həm güzəştli, həm də adi ipoteka kreditləri əlverişli şərtlərlə verildiyi üçün hazırda bu kreditlərə yüksək tələb müşahidə olunur: “Bildiririk ki, fond tərəfindən dövri olaraq ipoteka bazarında formalaşmış tələb öyrənilir və ipoteka kreditləşməsinin davamlılığının təmin edilməsi məqsədilə cəlbetmə imkanları çərçivəsində əlavə limitlərin ayrılması məsələsinə baxılır”.

2019-cu ilin ötən dövrü ərzində də müvəkkil banklar tərəfindən verilmiş ipoteka kreditlərinin fond tərəfindən yenidən maliyyələşdirilməsi həyata keçirilib. Belə ki, dövr ərzində fond tərəfindən 186,4 milyon manat məbləğində ipoteka kreditləri yenidən maliyyələşdirilib və hazırda da bu proses davam edir.