10 yaşlı “Modern.az” əməkdaşları ilk iş günlərindən danışdılar - FOTOLAR

10 yaşlı “Modern.az” əməkdaşları ilk iş günlərindən danışdılar - FOTOLAR

Bu gün 10 yaşı tamam olan Modern.az saytı fərqli təqdimatları, layihələri, müxtəlif janrlarda yayımladığı materialları ilə oxucuların rəğbətini qazanıb. 24media.az saytın əməkdaşlarının ilk iş günləri ilə bağlı xatirələrini və işlədikləri müddətdə yaşadıqları maraqlı hadisələri təqdim edir:

Gülşən Raufqızı Modern.az-ın onun həyatındakı önəmindən bəhs edib: 

 

http://www.24media.az/uploads/images/image_750x_5d6aa8fddfbce.jpg


“Modern.az-a ilk gəlişim tam təsadüf olub. Belə ki, iki sayta iş üçün müraciət etmişdim. İkisindən də müsbət cavab aldım: "Gəlin, redaksiyada danışaq". Kiçik araşdırmadan sonra Modern.az-a getməyə qərar verdim. O vaxtlar mənə çox pis təsir etsə də, sizə indi gülərək xatırladığım bir hadisəni danışacam. Deməli, saytın ofisinin yerləşdiyi binaya yaxınlaşanda Aytən Zəhra ilə rastlaşdıq. O vaxt məndən xoşu gəlməsə də, indi çox istəyir (gülür). "Facebook"dan xatırladığıma görə, yaxınlaşıb salamlaşdım. Aman Allah, Aytənin mənə bir baxışı vardı ki... Qeyd edim ki, Aytənin yeni işçilərə "qıcıq olmaq" kimi bir "hobbisi" yaranmışdı (gülür).”

O, Elşad Eyvazlının gənc jurnalistlərə  hər zaman qayğı ilə yanaşdığını deyir: “Nə yaxşı ki, rəhbərimiz Elşad müəllim bütün bunların əksinə həmişə təcrübə toplamaq istəyən gənclərə üstünlük verib. Jurnalistikada tam təcrübəsiz olmağıma rəğmən 10 gün sınaq müddəti verildi. Elşad müəllim redaksiyada əyləşəcəyim yeri göstərdi. Baxmayaraq ki, "bura filankəsin yeridir" deyib, "yeni işçi" yanaşmasını sərgiləyən də oldu. Hətta bir dəfə o dərəcədə incinmişdim ki, dedim "müəllim, mən gedirəm". Elşad müəllimin reaksiyası  isə belə oldu: "Elə bilirsən, başqa yerə getsən, səni göz üstə tutacaqlar? Həyatda hər şey mübarizə və zəhmətlə qazanılır. Qabiliyyətinə, savadına güvənirsənsə, qal və özünü təsdiq elə". Elə o gün bu gündür ki, Modern.az mənim həyat tərzimə çevrilib."

G.Raufqızı işdə kollektivin mehriban münasibətinin böyük əhəmiyyət kəsb etdiyini deyir:  “Çox sevinirəm ki, bu gün Modern.az-da tam səmimi mühit formalaşıb. Bizdə müdir-işçi baryeri yoxdur. Elşad müəllimə rahatlıqla fikrimizi bildirə bilirik. Bəlkə də buna görədir ki, dəfələrlə iş təklifləri alsam da, buradan qopa bilməmişəm. Düşünürəm ki, burada həm də baş redaktorumuz Əfqan Qafarlının xüsusi payı var. Əfqan müəllim peşəkar, səbrli insandır. Yeri gələndə müxbir, yeri gələndə redaktordur, amma heç vaxt insanlığını itirmir. Ən təcrübəsiz işçinin belə fikirlərinə hörmətlə yanaşır. Ümumiyyətlə, Elşad Eyvazlı-Əfqan Qafarlı tandemini ayrı təsəvvür edə bilmirəm. Çünki Modern.az onların əziyyəti, əzmi və səbri ilə var olub”.


O, 10 il ərzində həm məzəli, həm də əsəbləri tarıma çəkən çox hadisələrin olduğunu söyləyir: “Xatırlayarkən üzümdə gülüş doğuranlar da var, kədərləndirənlər də. Amma ən yaddaqalanlardan biri bu yaxınlarda yanğın qeydə alınan ticarət mərkəzinin rəhbər şəxsindən aldığım səs-küylü açıqlama oldu. Hansı ki, müsahib baş verən hadisədə nazirliklərdən birini ittiham edirdi. Yazı saytda çıxandan sonra zəng edib dedi ki, "Mən elə bildim biz sadəcə söhbət edirdik". Əmr edərcəsinə "Mən başıalovlu danışmışam, çıxarın o yazını", – dedi. Təbii ki, yazını çıxarmaq səlahiyyətimin olmadığını bildirib sağollaşdım. Sən demə, məsələ böyüyəndə həmin rəhbər şəxs belə bir müsahibə vermədiyini iddia edib. Amma bizim diktafon kimi "silahımız" olduğunu unutmuşdu... Ötən il akademik Ramiz Məmmədovun jurnalistlərə xitabən ifadə etdiyi təhqiramiz sözə görə verdiyi üzrxahlıq müsahibəsi isə ən unudulmazlardandır.”

 

Qafar Ağayev Modern.az-da təsadüf nəticəsində fəliyyətə başlayıb və 4 ildir ki, əməkdaşlığını davam etdirir:

 http://www.24media.az/uploads/images/image_750x_5d6aaa0215d29.jpg




 

  "Modern.az-a işə düzəlməyim gözəl təsadüf idi. İş axtarırdım, bir neçə yerə CV göndərmişdim, çağıracaqlarını yazmışdılar. 2016-cı il aprelin 10-da "Facebook"da Modern.az-ın səhifəsi qarşıma çıxdı və qısa  bir mesaj yazdım. Mesajın mətni təxminən belə idi: "Salam, mən Qafar Ağayev, 24 yaşım var. Türkiyənin Giresun Universitetində tarix  ixtisası üzrə təhsil almışam. Sizin saytda peşakarlardan dərs alıb, işləmək istərdim. Zəhmət olmasa, mənə məlumat verərsiniz". Aprel ayının 12-si Modern.az-dan cavab mesajı gəldi: "Salam, redaksiyamıza gəlin". Eyni gündə bir neçə yerdən iş təklifi alan Q.Ağayev ilk olaraq Modern.az-dan cavab gəldiyi üçün ora getməyi qərara alıb: “Ayın 13-ü redaksiya ilə əlaqə saxlayıb ünvanı öyrəndim və getdim. Redaksiyada Elşad müəllimlə danışdıq və bildirdim ki, “Jurnalistika ilə bağlı ilk təcrübəm demək olar ki, Modern.az olacaq”. Elşad müəllim məni otağa gətirdi, masamı göstərdi və "gələndə qeyd etmək üçün özünə dəftərçə al" dedi. Ayın 14-ü işə gəldim, kiçik bir dəftərçə almışdım. Saat 10-da iclas başlayanda Elşad müəllim məni təqdim etdi. Dəftərçənin kiçik olduğunu görəndə bir az böyüyünü almağımı tövsiyə etdi. Həmin gün mənə dedilər ki, saytlara bax, sabahdan sənə türk saytlarından tərcümə etmək üçün xəbərlər verəcəyik.”

 Q.Ağayev işə adaptasiya olmağında əməkdaşların dəstəyindən də danışıb: “İclas dağılandan sonra hamı öz otağına getdi. Bizim otaqda 3 nəfər idi - Gülşən Raufqızı, Aytən Zəhra və mən. Aytən mənə suallar yağdırmağa başladı. Bir az utancaq olduğum üçün həmin gün nə yemək yedim, nə də çay içdim. Gülşən və Aytən dəfələrlə təklif etsələr də, dedim ki, "ac deyiləm". Redaksiyanın əməkdaşlarının hamısı işə adaptasiya olmağım üçün öz köməklərini əsirgəmədilər.”

O, Jurnalistikada ani bir diqqətsizliyin  uzunmüddətli zərər vura biləcəyini deyir: “Təzə gələndə mənə sorğular verirdilər, bir neçə nəfərin cavabını öyrənməli idim. İlk günlərdə sorğular maraqlı gəlsə də, bir müddət sonra sıxıcı oĺmağa başladı. Sorğuda iştirak edəcək müsahiblərim ya cavab vermir, ya da gec cavab verirdilər. Bu da mənim yazımın ləngiməsinə səbəb olurdu. Sorğu suallarını ümumi hazırlayıb yalnız ad hissəsini dəyişirdim. Bu asan variant olsa da, diqqətli olmaq lazım idi. Bir dəfə fikirli olduğum vaxtda xanım üçün hazırladığım sualı bəylərə göndərmişdim. O vaxtda "Facebook"da göndərdiyin mesajı silmək funksiyası olmadığından 10-a yaxın bəy həmin mesajı oxumuşdu. Səhvimi izah edib üzr istədim. Onların bir qismi məni anlasa da, digər qismi uzun müddət yönləndirdiyim heç bir suala cavab yazmadılar. Ona görə Jurnalistiqada diqqətli olmaqda fayda var.“

 

Namidə Bingöl saytın rəhbəri Elşad Eyvazlının əməkdaşlara olan dəstəyindən razılığını ifadə edir:

 

http://www.24media.az/uploads/images/image_750x_5d6aaba7aa163.jpg


 İlk iş günüm bu gün kimi yadımdadır. 2012-ci ilin sonlarında işləməyə başladım. Bu gün olduğu kimi onda da səmimi kollektiv var idi. İlk gün gələndə “İşləyə bilməyəcəm”, – deyə düşünsəm də 1 ay sonra tam şəkildə kollektivə öyrəşdim. Yaşca məndən böyük, peşəkar jurnalistlər var idi. Onların sayəsində çox şey öyrəndim. İşə başladığım ilk günlərdə Elşad müəllimə bir neçə təklif irəli sürmüşdüm, hansı istiqamətdə, hansı sahə üzrə yaza biləcəyimi qeyd etmişdim. Elşad müəllimin bu təklifi qəbul etməyəcəyini düşünürdüm. Amma tam əksi oldu. Elşad müəllim mənə ilk gündən dəstək oldu, yönləndirdi. Bir çox redaktordan fərqli olaraq gənclərə dost kimi yanaşır, köməyini isə heç vaxt əsirgəmir.

7 ildir ki, Modern.az-da çalışan N.Bingöl maraqlı müsahiblərinin olduğunu bildirib: “Bu müddət ərzində müxtəlif peşə sahiblərindən, sənət adamlarından, fərqli düşüncəyə sahib insanlardan müsahibələr götürmüşəm. Bir dəfə Hacı Əbdüldən müsahibə almalı idim. Əslində təsadüfən zəng etmişdim. Mənə dedi ki , "sənə şad xəbər verəcəm, ata olmuşam".  Bu xəbərə çox təəccübləndim. Uşağın adını səhv etmirəmsə Əbdül qoymuşdular. Müsahibədə bu məqamı vurğulayıb , “Əbdül 1, Əbdül 2” yazmışdım. Hacı Əbdül buna etiraz bildirsə də, məncə doğru qeyd etmişdim. Bir dəfə də siyasətçi müsahibim var idi. O, müsahibədən öncə mənim dünyagörüşümü, bilik səviyyəmi öyrənmək istədiyini bildirmişdi. Biz onunla görüşdük, uzun-uzun danışdıq. Necə deyərlər, savadımı imtahan etdi. İmtahanından üzü ağ çıxdım, günün sonunda mənə müsahibə verəcəyini bildirdi. Eyni hal musiqi sahəsindən olan bir müsahibimlə də təkrarlanmışdı.”

 

Digər müsahibimiz Vüqar İsmayılov isə 8 ilə yaxındır ki, Modern.az-da çalışır:

 

http://www.24media.az/uploads/images/image_750x_5d6aa8f879b88.jpg


“İlk iş günüm 2013-cü il mayın 10-da olub. Gül bayramına təsadüf edirdi. Həmin illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Heydər Əliyev parkında gül bayramı ilə əlaqədar tədbir təşkil edirdi. İlk tapşırığım fotoqraf Elçin Muradla həmin tədbirlər ilə bağlı reportaj hazırlamaq idi. İcra başçısından tədbir haqqında müsahibə almışdım və bir məqam da yadımdadır ki, həmin vaxtlarda yolu genişləndirmək üçün qədim binalardan birinin yerini dəyişdirirdilər. Bu mövzu ilə bağlı da yazı yazmışdım”.

İşlədiyi müddətdə maraqlı hadisələrlə qarşılaşan V.İsmayılov onlardan birini oxucularımızla bölüşüb: “Redaksiyaya yeni gələn gənclərdən biri idman haqqında reportaj hazırlamalı idi. Bizim köhnə əməkdaşlardan birinə yaxınlaşıb idmançı, dünya çempionu  Niyaməddin Paşayevin əlaqə nömrəsini istəmişdi. Əməkdaşımız yanlışlıqda müğənni Niyaməddin Musayevin əlaqə nömrəsini vermişdi. Gənc əməkdaş həmin nömrəyə zəng edib, idmanla bağlı sual vermişdi. İşin üstü tez açıldı. Bu, iş həyatım boyunca unutmayacağım məqamlardan biri idi.”

Modern.az-ın bütün kollektivini təbrik edir, uğurlar arzulayırıq.