Dua - insanın Allah qatında izzəti

Dua - insanın Allah qatında izzəti

Dua müəyyən təbəqə arasında unudulub. Onu xatırlayan, ona müraciət edənlər çox azdır. Onun dəyərini bilənlərin, ondan layiqincə bəhrələnənlərin sayı necə də kasaddır. Nə ağır bir işdir ki, insanları yorub əldən salsın, nə də bir yükdür ki, əziyyət versin. O, bütün peyğəmbərlərin silahıdır. İnsan ən uca məqamlara onsuz çata bilməz. O, göylərin və yerin nuru, ərşin xəzinəsidir. O, bəlalar və müsibətlər qarşısında sipər, nemətlərin əta olunması üçün isə ən gözəl səbəbdir. O, ən yaxşı kömək və hacətlərə çatmaq üçün ən təsirli vasitədir. Nəhayət, o, insanın Allah yanında olan misilsiz qiymətinə ən aşkar dəlildir.

Dua Allahın insana verdiyi xüsusi bir icazədir. O bir imtiyazdır ki, Allah insanı layaqətli bilib və ona əta edib. Aləmdə baş verən hadisələr zəncirvari şəkildə bir-birinə bağlıdır. Hər şey dəqiq müəyyən olunmuş nizamla baş verir. Duanın mənası budur ki, Allah insanın istəyinə görə həmin hadisələr silsiləsini qırır və yenisi ilə əvəz edir.

Məsələn, bədbəxt bir hadisəni misal çəkək. Evdən ailəsi ilə dalaşaraq çıxmış bir kişi maşına əyləşir və çox sürətlə sürməyə başlayır. Ailəsi çox narahat olur. Bu kişi maşını sürətlə sürdüyü vaxt balaca bir uşaq həyətdə topla oynayırdı. Top birdən-birə maşınların hərəkət etdiyi yola düşür. Uşaq topun arxasınca qaçanda isə maşın zərblə onu vurur. Sürücü (ailəsi ilə dalaşıb evdən çıxan) uşağı xəstəxanaya aparır. Uşağın valideynləri də çox keçmədən gəlirlər. Əməliyyat zamanı məlum olur ki, uşaqda yenicə inkişafa başlamış qan xərçəngi var imiş.

Bu çox qısa hadisələr zənciridir. Əlbəttə, bundan sonra da bir-birinin ardınca hadisələr gəlir. İndi isə düşünək ki, həmin sürücü dalaşıb evdən çıxdığı vaxt onun 8 yaşlı qızı balaca əllərini qaldırır və Allahdan atasını qorumasını və onun qəzəbinin soyuyub evə qayıtmasını istəyir. Allah duanı qəbul edir və ata mülayim tərzdə və qəzaya uğramadan evə qayıdır. İndi belə çıxır ki, o topla oynayan balaca uşağın valideynləri onun xərçəng xəstəsi olduğunu bilməyəcək və artıq gec olduqdan sonra iş işdən keçəcək? Əlbəttə, yox. Elə Allahın insana verdiyi dəyər burdadır. Əgər uşağın xəstəliyi qəza vasitəsilə məlum olacaqdısa, indi başqa yollarla məlum olacaq. Deməli, Allah hadisələr zəncirini qırdı və tamamilə yenisi ilə əvəz edəcək. Qəzaya heç ehtiyac olmayacaq. Elə bil Allah deyir ki, "Mənim bəndəm, sən mənim üçün o qədər dəyərlisən ki, sənin sözünlə bütün bu gedişatı dəyişməyə hazıram".

İndi siz baxın, insanın Allah qatında nə qədər dəyərli olmağına. Bu Yaradanın bizə olan şiddətli məhəbbətindən və həşəmətli rəhmətindən başqa bir şeyin göstəricisi deyil. İki həqiqət var ki, insan bu həqiqətlərə inandıqdan sonra dua etməlidir. Birincisi budur ki, sənin Allahın sonsuz qüdrətə malikdir və sənin istəyin sənə nə qədər böyük və heybətli gəlsə də o, Allah üçün çox asandır. O qədər asandır ki, heç sən o asanlığı təsəvvüründə canlandıra bilməzsən. İkincisi isə yer üzündə nə qədər gəzib dolanırsan dolan, bütün canlıları hətta, ailəni belə nə qədər sınaqdan keçirirsən keçir, səni Allahdan daha çox sevən ikinci bir varlıq tapa bilməyəcəksən. Bunu bir dəfəlik qulağında sırğa elə ki, Allah sənin xoşbəxt olmağını səndən də çox istəyir. Çünki, o anadan da  mehribandır, şəfqətlidir. Həm güclüdür, həm də səni hamıdan çox sevir.

Daha nə problem? Nə qədər bizi çox sevən insanlar var, amma qüdrətləri yoxdur ki, bizə iynənin ucu qədər yardım əlini uzatsın və ya istəyimizi həyata keçirsin. Və nə qədər qüdrət sahibi insanlar var ki, bizi bizə bir qurtum su verəcək qədər belə sevmirlər və bizdən hər şeyi əsirgəmək üçün əllərindən gələni edərlər. Amma, sənin bir Rəbbin var ki, onun gücünün çatmadığı şey praktiki olaraq mövcud deyil və xülyalara belə gələ bilməz. Eyni zamanda, səni o qədər sevir ki, heç bir ananın ürəyinin dözümü və tutumu yoxdur ki, övladını o qədər sevsin. Amma aləmlərin Rəbbində isə həm qüdrət, həm də əzəmətli məhəbbət var.

İmam Həsən (ə) buyurur ki, dua edən zaman bunu bilin ki, Allahın sizin duanızı qəbul etməyi də, etməməyi də yeganə səbəbdən qaynaqlanır. Həmin səbəb yalnız və yalnız sənə olan şiddətli məhəbbətidir. Çünki, Allahın qüdrəti məhdud deyil ki, sizin istədiyinizi verməyə gücü çatmasın. Yaxud sizə olan məhəbbəti cılız deyil ki, qadir olduğu halda sizdən nəyi isə əsirgəsin. Dua qəbul olarsa, deməli, sizi hədsiz sevən Allah bunu sizin üçün xeyirli bilib. Əgər qəbul olunmayıbsa, deməli,  istəyiniz sizin xeyrinizə deyil. Əgər bunları başa düşüb dua etsəniz, mən zəmanət verirəm ki, əksər dualarınız qəbul olacaq."

Bu ona bənzəyir ki, sanki, uşaq valideynlərindən kibrit istəyir ki, onunla oynasın. Valideyinləri kibrit alıb uşağa verməyə qüdrəti var. Eyni zamanda onlar uşağı hədsiz dərəcədə sevirlər və istəyirlər ki, uşaq şad olsun. Bəs niyə kibriti vermirlər? Çünki, bu uşaq üçün təhlükəlidir. Artıq o böyüyəndə anlayır ki, nə yaxşı ki, kibriti ona verməyiblər.

Bizim də halımız bəzən bu uşağın timsalındadır. Biz bəzən istədiyimiz şeyin bizim əleyhimizə olduğunu bilmirik və onu istəməkdə israr edirik. Allah isə bizim xeyrimizi və ziyanımızı bilir və bizə olan böyük məhəbbəti səbəb olur ki, istəyimizi qəbul etməsin.

Duanın qəbul olmasına təsir göstərən amillərdən biri də insanın təkcə çətinliyə düşəndə yox, həm də rahatlıq vaxtında Allahı çağırmağıdır. Beləcə biz Allaha bildiririk ki, biz ona təkcə bəla və sıxıntı vaxtı yox, həm də rifah və firavan vaxtımızda da möhtacıq. Ən ümidsiz vaxtınızda, hər kəs sizdən üz döndərəndə belə Allah sizdən üz döndərmir. İnsan ən yaxınlarına eyni səhvi 2 dəfə edəndən sonra yaxınlarında inciklik yaranır. Səhvlər çoxaldıqca ən yaxınları belə insandan küsür. İnsanlara etdiyimiz vədləri pozanda haqlı olaraq bizdən küsürlər. Amma Allaha etdiyimiz vədləri dəfələrlə pozduğumuz, ona dəfələrlə günah etdiyimiz halda belə bizdən öz rəhmət sığalını çəkmir.

Dua hər birimizə verilmiş ən böyük nemətdir, bəlkə də. Özünün Allah qatında dəyərini başa düşən insan dua etməkdən usanmaz. İmam Rza (ə) belə buyurub: "Peyğəmbərlərin silahından yapışın". Soruşdular: "Ey peyğəmbər övladı, nədir o silah? İmam (ə) buyurdu: "Dua".

Hər bir insanın, hətta günahkar insanın duasını belə Allah qəbul etməyə hazırdır. İnsanların etdiyi ən böyük səhv isə "Mən kiməm ki, mənim sözümə görə Allah bunu eləsin?", "Guya mənim duamla o boyda çətinlik həll olacaq ki?", "Bu iş üçün dua edənlər yüzlərlədir, o qədər adam ola-ola mən dua etsəm nə olar, etməsəm nə olar?" deməkdir. Bu insanlar Allahın onlara nə qədər dəyər verdiyini, Allah üçün nə qədər qiymətli olduqlarını dərk etməyiblər. Ola bilər ki, bir məsələ üçün dua edən insanlar minlərlə, yüz minlərlə olsun, buna baxmayaraq, Allah o duaları qəbul etməsin. Amma bir nəfər  insan sınıq qəlblə, ürəkdən və səmimiyyətlə dua etsin və Allah onun duasını qəbul etsin. İnsan günahkar olsa da dua etməkdən çəkinməməlidir. Allah sanki insana xitab edərək deyir: "Səni mən yaratmışam. Səni sevməsəydim yaratmazdım. Bəzi səhvlər etmisən, eybi yoxdur, mən səni bağışlayıram və duanı qəbul edirəm. Heç vaxt mənim rəhmətimdən ümidsiz olma".

İnsan gərək duada böyük nemətlər istəməkdən çəkinməsin. Çünki Allahın qüdrəti sonsuzdur, bizə olan məhəbbəti də həmçinin.