Düzgün tənqid - Tənqidlə təhqiri eyniləşdirməyin !

Düzgün tənqid - Tənqidlə təhqiri eyniləşdirməyin !

 Gündəlik həyatımızda tənqidlə tez-tez rastlaşırıq. Bir işə başlayarkən və ya tamamlayandan sonra bizi təbrik edənlərlə yanaşı tənqid edənlər də olur. Düzgün tənqid insanın özünü inkişaf etdirməyinə kömək olur. Növbəti işdə bu tənqidləri xatırlayaraq daha yaxşı iş ərsəyə gətirə bilərik. Ancaq "özünü ağıllı göstərmək" üçün edilən tənqidləri el diliylə desək qulaq ardına vurmaq daha doğru addım olar. Tənqid edən insanın tənqid etdiyi mövzu ilə bağlı daha yaxşı alternativ variantı olmalıdır. Niyə bəyənmədiyini düzgün və qərəzsiz şəkildə izah etməlidir. Əgər bunu bacarmırsa həmin tənqidi boş söz hesab etmək olar.

Tənqidi kimlər edə bilər?
 Tənqid etdiyi mövzunu ətraflı bilənlər, həmin mövzuda uğurlu iş ortaya qoymuş insanlar. Yaxşı olar ki, dostunuzu və düşməninizi tənqiddən/ tərifdən qaçınasınız. Çünki istəməsəniz belə şəxsi münasibətlər birbaşa ya da dolayı yolla sizin rəyinizə təsir göstərəcək. 

Ən düzgün tənqid forması hansıdır?
 Cəmiyyət içində tənqiddən qaçın. Rəyinizi həmin insana təklikdə desəniz daha təsirli və məqsədəuyğun olar. Tənqidi sərt formada deməyin. Empatiya qurmağa çalışın, dialoq yaradın, əvvəlcə etdiyi işin müsbət tərəflərini vurğulayın. Siz hansı şəkildə edilən tənqidi xoş qarşılayırsınızsa həmin insana da elə deyin. Qarşınızdakı şəxs əsəbi və ya kədərlidirsə edəcəyiniz tənqidi sonraya saxlayın.

Tənqidlə təhqiri ayırmağı bacarın!
 Bir insanı tənqid edə bilərsiniz.Təhqir isə heç vaxt. Tənqid yazarkən kobud sözlərdən istifadə etməyin. Kimisə gördüyü işə görə alçaltmaq haqqını sizə heç kim verməyib. Çünki həmin insanın bu vəziyyətə necə gəldiyini, bu işi niyə və necə gördüyü ilə bağlı bütün həqiqətləri bilmirsiniz. Aysberqin görünməyən tərəfi də var, unutmayın!

Valideyn tənqidi.
 Valideynlər insanın ən yaxın dostu olmalıdır. Bir işə başlamazdan əvvəl məsləhətləşməli, bitirəndən sonra ilk rəyi məhz onlardan almalıyıq. Amma çox təəssüf ki, bəzən valideynlərin tez-tez edilən və boş tənqidləri uşaqlarda özünə inam hissini azaldır. Bu da gələcəkdə həmin uşaqların fərd kimi yarımçıq formalaşmağına gətirib çıxarır. Övladınızın gördüyü birinci iş yanlış ola bilər, ikinci və üçüncü də. Bu o demək deyil ki, daima yanlış iş görəcək. Bir qədər səbrli olsanız, yanlışlarını ona izah etsəniz əmin ola bilərsiniz ki, növbəti işlərində uğur əldə edəcək.

Tənqid qorxusu niyə yaranır?
 Pərt olmaqdan qorxurlar. Bəzən insanlar nəsə təklif etmək ya da maraq dairəsində olan mövzuyla bağlı fikirlərini bölüşmək istəyir, lakin bundan çəkinirlər. Qorxurlar ki, kimsə onları tənqid edər və pərt olarlar. Mənasız qorxudur. Unutmayın, sizin şəxsi düşüncələrinizi tənqid etmək haqqı heç kimə verilməyib. Tənqid edənlərin dediklərinə qulaq asın. Əgər anlayıb haqq verəcəksinizsə çox gözəl. Yox razı deyilsinizsə qarşınızdakına "başa düşdüm" deməklə kifayətlənin. Çünki tənqidlə həyatınızın sonuna kimi qarşılaşacaqsınız. Unutmayın, qorxulara qalib gəlmək lazımdır, bu ölüm qorxusu olsa belə və həyat tənqidlərə sərf ediləcək qədər uzun da deyil.