Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib

Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib

Los Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaqoqu olan Nessah Sinaqoqunda Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

24media.az-ın APA-ya istinadən verdiyi məlumata görə, 800-dən çox yəhudinin iştirak etdiyi tədbirdə sinaqoqun dəvəti ilə Los Anceles Konsulluq Korpusunun duayeni (sədri), Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib.

Tədbiri giriş nitqi ilə açan Sinaqoqun baş ravvini Devid Şofet Azərbaycan kimi multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən bir ölkə ilə yaxından tanış olmaqdan böyük şərəf hissi keçirdiyini vurğulayıb. O, dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan antisemitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan xalqına və dövlətinə təşəkkürünü çatdırıb. Ravvin Şofet nə tarix boyu, nə də bu gün hər hansı antisemitizmin olmadığı Azərbaycanı bütün yəhudilərin dostu adlandırıb.