55 yaşlı kitab adam

55 yaşlı kitab adam
55 yaşlı kitab adam
55 yaşlı kitab adam
55 yaşlı kitab adam

Çoxdandır Azərbaycan jurnalistikasında sözünü deyən, öz dəst- xətti ilə fərqlənən, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, şair, publisist Rəşad Məcid haqqında yazmaq üçün uyğun vaxtın gəlməsini gözləyirdim. Nəhayət, belə bir gün gəlib çatdı.

Onun haqqında daha əvvəldən eşitsəm də, özünü ilk dəfə 4-5 il əvvəl, yəni hələ tələbə adını qazanmazdan qabaq bir tədbirdə görmüşdüm. Yaxınlaşıb görüşmək istəyirdim. Amma həyəcanlı idim. Həm də çəkinirdim, utanırdım. "Rəşad Məcid adlı- sanlı jurnalistdir. Mən isə hələ gələcəkdə jurnalist olmaq istəyən bir abituriyentəm. İndi ona yaxınlaşmağım düzgün olarmı?",-deyə düşünürdüm. Nəhayət, iradəmi topladım, baş redaktora doğru bir-iki addım atdım, əl uzatdım. Özümü təqdim etdim, abituriyent olduğumu, jurnalisika fakültəsinə hazırlaşdığımı dedim. Elə ilk saniyələrdən məni o qədər səmimi, o qədər mehriban qarşıladı ki, həyəcanım xeyli azaldı. Nəticədə, həmin bir neçə dəqiqəlik söhbət xatirəmdə əbədi qaldı. 

Tədricən adını çəkdiyim mətbu orqanda ilk yazılarım dərc olunmağa başladı. Əslində, Rəşad Məcid bütün gənclərə yardım edir, onlardan, yəni bizdən öz tövsiyə və məsləhətlərini əsirgəmir. Gənclərə inanır, arxalanır. Hərdən bu və ya digər mənfi tendensiyanı görüb əsəbiləşsə də, tənqid etsə də, gənclərin inkişafı, öz yaradıcılıq qabiliyyətlərini təkmilləşdirmələri üçün əmək sərf edən də yenə odur. Bunu "525-ci qəzet"lə ştatdankənar əməkdaşlıq edən Türkan Turan, Mirçingiz Ağazadə və digərləri də təsdiqləyə bilərlər. Tanınmış jurnalistin təşkil etdiyi müxtəlif müsabiqələr, sorğular birbaşa gənclərin yaradıcılıq potensialının müəyyənləşməsinə, inkişafına xidmət edir.

Məsələn, bir neçə ay əvvəl Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda maraqlı bir müsabiqə təşkil olundu. Gənclər ən sevdikləri kitab haqqında iki dəqiqə ərzində münsiflər heyətinə məlumat verib, əsərin məzmunundan danışdılar. Həmin tədbirdə mən də iştirak etdiyimə, yəni hadisənin şahidi olduğuma görə, deyə bilərəm ki, Rəşad müəllim böyük diqqətlə bizi dinləyirdi. Hələ kitabların müzakirəsi başlamazdan əvvəl gənclərlə o qədər səmimi söhbət edirdi ki, sanki respublikada tanınan məşhur bir qələm sahibi yox, onların dostudur. Həqiqətən də, o, gənclərin dostudur. Həmin tədbirdə qaliblərə ümumilikdə 200-dən çox kitab hədiyyə edildi, xeyli hissəsi də Rəşad müəllimin şəxsi kitabxanasından, hətta aralarında onun müəllifi olduğu kitablar da var idi. Bu bilirsiz nə deməkdir? Yəni Rəşad Məcid gəncləri ədəbiyyata yönləndirmək, onları gerçək həyətla tanış etmək üçün əlindən gələn hər şeyi edir. Çünki o, başdan- ayağa sözdür, ədəbiyyatdır. Necə deyərlər, zərin qədrini zərgər bilər.

Rəşad Məcid həm də yenilikçidir. Son vaxtlar onun "Qələmsiz yazılanlar" başlığı altında geniş ictimaiyyətə təqdim etdiyi sms-essələr fikrimizi təsdiq edir. Müəllif yazır: "Pulu kitabdan üstün tutanlara nə deyək?!" Mənə elə gəlir ki, Rəşad müəllim üçün kitab hər şeydən daha əziz, müqəddəsdir. Bəlkə də, o, özü elə kitab adamdır. Hər sözündə mütləq bir məna olan kitab adam!

Publisistin başqa bir sms-essesi isə belədir: "Onun bütün sirləri yazdıqlarında gizlənmişdi..." Bəlkə də, bu fikri Rəşad Məcidin özünə də aid etmək olar. Yəqin ki, müəllifin şeirlərini oxuyanlar dediklərimi təsdiqləyərlər. Həmin şeirlərdə Rəşad müəllim, adətən, nələrəsə işarə edir, hər birimizə tanış hisslərdən danışır.

Bu qeydləri qələmə alarkən xatırlayıram ki, birinci kursda oxuyanda hörmətli müəllimlərimizdən biri-professor Akif Rüstəmov (o vaxt dosent idi) Rəşad Məcidi dərsə dəvət etdi. Mühazirənin ortasında qonağımız qarşısındakı stəkana işarə edib: "Jurnalist yarımdolu stəkana baxaraq nə isə yazmağı bacarmalıdır",- dedi. Onda bu söz, yəqin ki, çoxlarımıza qəribə gəlirdi. Lakin yavaş- yavaş başa düşürük ki, həqiqətən, belədir. Bilmirəm, yarımdolu stəkana baxaraq yaza bilərəm, amma neçə- neçə istedadlı gəncə dəstək Rəşad Məcid haqqında yazmaya bilməzdim. Ad gününüz mübarək, Rəşad müəllim. Gənclər sizinlə fəxr edir! Yeni yaşınızın sizə daha çox yaradıcılıq uğurları gətirməsini arzu edirəm! 

Heç bir ay yoxdur ki, Rəşad müəllimin "Səbəbi sənsən" adlı yeni şeirlər kitabı çap olunub. Bəlkə də, bu, 55-in daha uğurlu olacağına işarədir.

 

Kənan NOVRUZOV