Türk dünyasının mədəni irsi - Azərbaycan

Türk dünyasının mədəni irsi - Azərbaycan
Türk dünyasının mədəni irsi - Azərbaycan
Türk dünyasının mədəni irsi - Azərbaycan
Türk dünyasının mədəni irsi - Azərbaycan
Türk dünyasının mədəni irsi - Azərbaycan

Azərbaycan Respublikası 1992-ci ildə UNESCO-ya üzv qəbul edilmiş, 1996-cı ildə isə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ildə, Qobustan dövlət tarixi-bədii qoruğu isə 2007-ci ildə Ümumdünya irsi siyahısına salınmışdır.

Xalq arasında "Qala" və ya sadəcə "Qədim şəhər" kimi tanınan tarixi məhəllə – "İçərişəhər" Bakının ən qədim hissəsi, həmçinin tarixi-memarlıq qoruğudur. Bakının ən qədim hissəsi olan İçərişəhər yaxşı qorunmuş qala divarları ilə əhatə olunub. 221 000 m² sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır.

Qoruq ərazisində Tunc dövründən məskunlaşmışdırlar. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, artıq VIII-IX əsrlər ərzində İçərişəhər ərazisi sıx məskunlaşmış, sənətkarlıq və ticarət inkişaf etmiş bir yer idi. XV əsrdə Şirvanşahlar dövlətinin öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşma" dövrü başlamışdır. 1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur. 1806-cı illərdə Bakının ruslar tərəfindən işğal edilməsi və neft bumunun yaşanmasından sonra (XIX əsrin sonları-XX əsrin əvvəlləri) şəhərin inkişaf və genişləndirilməsi prosesi başlamış, insanlar İçərişəhər divarlarından kənarda da sıx məskunlaşmağa başlamışdır.

İçərişəhərdə yerləşən məşhur memarlıq abidələri Qız qalası və Şirvanşahlar Sarayı Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa, qoruq ərazisində onlarla tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

1977-ci ildə İçərişəhər tarix-memarlıq qoruğu elan edilib, 2000-ci ildə isə, Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO Ümumdünya irsi Siyahısından Ümumdünya İrsi Siyahısına daxil edilmiş ilk obyektdir.

Şirvanşahlar sarayı və ya Şirvanşahlar saray kompleksi — Şirvanşahlar dövləti hökmdarlarının Bakı şəhərində yerləşən köhnə iqamətgahı. Kompleksə saraydan başqa Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, Ovdan, saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları daxildir.

Saray kompleksi XIII əsrdən XVI əsrə qədər müddət ərzində tikilib. Saray daxil olmaqla bəzi binalar XV əsrin əvvəllərində, Şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilib. Osmanlı imperiyası Bakını ələ keçirəndə saray ərazisində onu şərqdən əhatə edən saray divarı ilə Sultan III Muradın adını daşıyan darvaza tikilib. Saray XIX əsrdən bəri bir neçə dəfə təmir və restavrasiya edilib.

Əsas tikililərin müxtəlif vaxtlarda tikilməsinə baxmayaraq saray kompleksi ümumi bədii təəssürat yaradır. Kompleksin memarları Şirvan-Abşeron memarlıq məktəbinin qədim ənənələrinə əsaslanırdılar. Dəqiq kubik formalı və çoxüzlü memarlıq abidələri yaradaraq onlar divarları zəngin oyma naxışlarla bəzəyirdilər və bu sübut edir ki, sarayı tikənlər bənnalıq sənətini yüksək səviyyədə bilirdilər. Hər memar ənənə və bədii zövq sayəsində öz sələfinin memarlıqla bağlı ideyasını mənimsəmiş, yaradıcı surətdə onu inkişaf etdirmiş və zənginləşdirmişdir. Müxtəlif dövrlərdə həyata keçirilən tikintilər həm ölçülərin vəhdəti, həm də əsas memarlıq formaları olan kubik şəkilli binalar, günbəzlər və portalların ahəngi və mütənasibliyi ilə əlaqələndirilmişdir.

1964-cü ildə saray kompleksi "Şirvanşahlar Sarayı Kompleksi" Dövlət tarixi-memarlıq qoruq-muzeyi elan edildi. 2000-ci ildə unikal memarlıq və mədəniyyət kompleksi Bakı şəhərinin qala divarları ilə əhatə edilmiş tarixi hissəsi — İçərişəhər və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edildi. 2001-ci ildə Şirvanşahlar sarayı Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alındı. Müasir dövrdə Şirvanşahlar sarayı Azərbaycan memarlığının incisi hesab edilir.

Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsi. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində olan tağlı qapı yeridir. Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir. Son illərdə Qız qalasında və onun ətrafndakı meydanda hər il Novruz bayramı şənliklərinin keçirilməsi ənənəsi yaranmışdır.

Qobustan dövlət tarixi-bədii qoruğu – Azərbaycan ərazisində, Bakı yaxınlığında arxeoloji abidələr kompleksinin mühafizə edildiyi qoruq. Qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, paytaxt Bakıdan 56 km aralıda yerləşir. Burada eləcə də muzey fəaliyyət göstərir. Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Burada mağaralar, bulaqlar və s var.