Taleh Yüzbəyov: Qadını əşyası kimi görən kişilərin...

Taleh Yüzbəyov: Qadını əşyası kimi görən kişilərin...

Çəkdiyi videolar cəmiyyətdə baş verən hadisələri güzgü kimi özündə əks etdirir. İlk olaraq, "Ceyhun" videosu ilə tanıdıq, sonra gördüyü işlərlə daha da məşhurlaşdı. 24media.az-ın budəfəki müsahibi aktyor Taleh Yüzbəyovdur.

-Sizi Taleh Yüzbəyov edən nədir?

- Çox çətin sualdır. (gülür) Gənc yaşlarımdan bəri öz üzərimdə işləyirəm. Həmişə oxumuşam, araşdırmışam, baxmışam, dünya görüşümü artırmaq üçün çalışmışam. Bir də təslim olmamaq. Mən bir şeyi çox istəyirəmsə, nadir hallarda təslim oluram.

- Olmaq istədiyiniz Talehlə olduğunuz Taleh arasında nə kimi fərqlər var?

- Olmaq istədiyimlə olduğum arasında hələ ki, böyük fərq var və yolun yarısındayam. Əldə etmək istədiyim nəticələr  böyükdür. Onun yalnız müəyyən hissəsini əldə edə bilmişəm. Hələ tam istədiyim Taleh deyiləm.

- Həyatınızın dönüş nöqtəsi nədir?

- İşdən çıxmağım... Yəni, elə bir an gəldi ki, mən seçməliydim ya ofisdə işləyib bu işlə dırnaqarası məşğul olmalıyam, ya da ofisdən çıxıb özümü başqa işə həsr etməliyəm. Aylıq maaşı atıb belə riskə etməyimi dönüş nöqtəsi adlandıra bilərəm.

- “ Zəhər tuluğu 3” nəyə görə bu qədər baxış sayı topladı?

- Əvvəlki ikisinin uğuru nəticəsində oldu. ”1”və “2” müəyyən qədər auditoriya toplamışdı,   “ Zəhər tuluğu 3”  onu daha da böyütdü, daha çox adam izlədi. Hətta “3” “2”-dən daha çox izlənib. Videolarda göstərilən problemlər cəmiyyətdə mövcuddur və xarezmatik bir obraz var ki, insanlar onu sevir. Bu videoya böyük uğur gətirir.

-Davamı olacaq?

-Bir seriya daha.

- Videoçarxların ssenarisi şahidi olduğunuz hadisələrlə bağlıdır?

- Hamısı yox. Bəzilərini eşitmişəm, görmüşəm, bəzilərini isə uydurmuşam. Sadəcə bu hadisələr cəmiyyətimizdə gördüklərimdir, yəni dolayı yolla nə vaxtsa, gördüyümüz şeylərdir. Faktı götürüb əlavələr etmişəm. Bədii iş hazırlayırsansa, real hadisələri bir az qabarıq formada təqdim etməyə məcbursan.

- “Zəhər tuluğu 3”-ün son hissəsi yaşadığınız hadisədən götürülüb?

- Yox, həyatda başıma belə bir şey gəlməyib. Heç elə fahişəylə də rastlaşmamışam, amma düşünürəm ki, o da bir insandır və onu da ora gətirə biləcək səbəblər var. Yəni, yox, başıma belə bir şey gəlməyib, olsaydı da deyəcəkdim ki, gəlməyib. (gülür)

- Həyatınızda qazandığınız ən öyrədici təcrübə nədir?

-Təcrübələr çox olub. Əsgərlik bir təcrübə, üniversitet bir təcrübə, iş başqa bir təcrübədir. Ümumi təcrübələrimdən gəldiyim iki qənaət var: həyatda həqiqətdən üstün heç nə yoxdur və insan faydalı olmalıdır. 

- Videolarınızda əsasən qadın-kişi münasibətlərinə toxunursunuz. Sizcə gender bərabərliyi məsələsində nə kimi boşluqlar var?

- Gender bərabərliyində boşluqlar çoxdur. Bir tərəf o biri tərəfi ciddiyə almır, digər tərəf çox aqressiv yanaşır. Məncə, bu səhvdir, aqressiya ilə iş həll olan deyil, kişilər ölsün deməklə iş düzəlmir. Feministlər, zənnimcə, düzgün yolla getmirlər qəzəblə, ələ salmaqla və yaxud da hərəkətsizliklə heç nə düzəlməz. Baş qəhrəmanı qadın personajlar olan seriallar, kinolar çəkilməli, cəmiyyətə sevdirilməlidir. Qadına yuxarıdan aşağı baxan, əşyası kimi görən kişilərin düşüncə tərzini dəyişmək lazımdır. Yəni, dava-dalaşla heç nə əldə etmək olmaz, həll yolları fikirləşmək lazımdır.

- Sonda 24media.az oxucularına demək istədikləriniz?

- Çalışın öz işinizi həmişə yaxşı görün. Nə qədər əziyyət çəksəniz, vaxtınızı, özünüzü təkmilləşdirməyə həsr etsəniz bir qədər zaman keçdikdən sonra onun bəhrəsini görəcəksiniz. Cəmiyyətə faydalı olmaq əsas məqsədiniz olmalıdır.