Hər şey səndən başlayır...

Hər şey səndən başlayır...

Nədənsə insanlar məsləhət verməyi, kiməsə yol göstərməyi çox sevirlər. Bu, heç də hər zaman özündən razılıq, lovğalıq əlaməti kimi qəbul edilməməlidir. Belələrinin vəziyyəti daha acınacaqlıdır. Belə ki, bəziləri hər şeyi bildiyini və yalnız onların düşüncələrinin düz olduğunu düşünürlər. Belə bir fikir var: “O kəslər bədbəxtdirlər ki, heç nəyi bilmirlər, amma elə zənn edirlər ki, hər şeyi bilirlər”. Məncə, bu sözlər həmin insanları çox gözəl ifadə edir.

Digər tərəfdən ətrafımızda problemlər, çatışmazlıqlar kifayət qədər var. Bu problemləri həll etmək isə zaman alır. Amma həmişə narazı olan insanlar yenə də başlayırlar öz işlərinə - qınamağa, təhqir etməyə… Bəli, düz eşitdiniz! Tənqid yox, təhqir.

Bəziləri bu tip insanları qəbul edərək "İt hürər, karvan keçər" prinsipi ilə yola verirlər. Bəziləri isə belə aqressiv, daim narazı insanların varlığından sıxılırlar, narahatlıq keçirirlər.

Mən isə, deyəsən, birincilərə aidəm. Belə hallarda soyuq davranmağı, çox  "dərinə getməməyi" üstün tuturam. Çünki  istəsəm də, istəməsəm də onun xarakteri belədir, onu dəyişə bilmərəm. Mən yalnız özümü dəyişmək gücünə sahibəm.

Təəssüflər olsun ki, biz insanlar özümüzü nadirən sorğu-suala tuturuq. Əsas problemlər də elə bundan qaynaqlanır.

Halbuki çatışmayan cəhədlərimizi kənardan görsək, həmin halları aradan qaldırarıq. Çünki insanlar hər zaman özü üçün ən yaxşısını arzulayır, bunun üçün çalışır.

Sadəcə düşünmək lazımdır. Məsələn, elə insanlar var ki, hər gecə yuxuya getməzdən öncə özünə hesabat verir ki, bu gün hansı yaxşı və pis əməllər etdim. Bəziləri isə yatağına yatıb, bir az göyə baxıb, yuxuya gedirlər. Əslində, içimizdəki “MƏN”dən çəkinib, pis əməllərimizi tərgitsək, dünya xeyli dəyişər.

Bilirəm, bir çoxları düşünür ki, “yalnız mənim dəyişməyimlə nə düzələr ki?”. Məncə, ən çətin görünən vəziyyət belə dəyişə bilər. Axı hər şey sizdən başlayır. Səndən, məndən, hər birimizdən... Siz də cəmiyyətin bir hissəsisiniz və atdığınız hər yaxşı addım xoş, səhv addım pis nəticəyə gətirib çıxarır. Odur ki, kimlərisə qınamaq əvəzinə, hamı öz məsuliyyətini dərk etsə, çox şey düzələr...