“Özünü “ulduz” sayan müğənnilərə xatırlatmaq istəyirəm ki...”

“Özünü  “ulduz” sayan müğənnilərə xatırlatmaq istəyirəm ki...”

Müsahibim sosial şəbəkələrdə məşhurlaşaraq “O səs Türkiyə” yarışmasına qədər gedib çıxan, çoxlarının “azərbaycanlı çoban” kimi tanıdığı Pərvin Səfərovdur.

Pərvin Səfərov Neftçala rayonunun Qaçaqkənd kəndində, sadə bir kəndli ailəsində doğulub, boya-başa çatıb, işləyib. Musiqi təhsili olmasa da, mahnı oxumaq hobbisi olduğu üçün ustad sənətkarların ifalarını dinləyərək onlardan öyrənib. Hazırda isə musiqi təhsili alır.

-Təbiət qoynunda, qoyun otararkən mahnı oxudunuz, bunu çəkib paylaşdınız və hər şey elə bundan sonra başladı...

- Kənddə böyümüşəm, mənim ilk səhnəm də kəndimiz olub. İfaçılığım kənddən, təbiətin qoynundan başlayıb. Əvvəllər də mahnı oxuyurdum və bundan həzz alırdım, videoya isə ilk dəfə idi ki, çəkdim. Həmin videonu paylaşandan sonra hamı məndən danışdı.

- “O Səs Türkiyə”dən təklif gələcəyini gözləyirdinizmi? Bundan sonra həyatınızda nələr dəyişdi?

- Fikrimcə, “O Səs Türkiyə”  bir çox ifaçı üçün böyük arzudur, bəlkə də, əlçatmaz görünür. Mən də həmin səhnədə olmağı xəyal etsəm də, maddi cəhətdən mümkün deyildi. Bir gün özüm də bilmədən xəyalımı gerçəkləşdirdim. Mahnı oxuduğum videonu paylaşdıqdan sonra ölkəmizdə məşhurlaşdım və arzusunda olduğum yarışmadan təklif gəldi. “ O Səs Türkiyə”dəki iştirakımdan sonra haqqımda müsbət rəy yarandı və daha çox insan məni tanıdı.

- Bir çoxları sizə “azərbaycanlı çoban” deyə xitab edirlər. Bundan narahat olursunuzmu?

- Xeyr, bu cür tanınmaqdan heç vaxt narahat olmamışam, belə çağırılmaq xətrimə də dəymir. Çoban olmaq mənim üçün qürurvericidir, uzun illər bu işi görərək halal zəhmətimlə pulumu qazanmışam. 

- Hazırda musiqi təhsili alırsınız.. Buna necə qərar verdiniz, bu necə baş verdi?

- Bəli, Azərbaycan Milli Konservatoriyasında milli vokal bölməsində təhsil alıram. Müsahibələrimin birində təhsil almaq istədiyimi demişdim. Konservatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimli bu istəyimə biganə qalmadı və məni konservatoriyaya dəvət etdi. Düzdür, birinci il hazırlıqsız idim, təhsil ala bilmədim. 2018-ci ildə yenidən hazırlaşdım və qəbul oldum. Düşünürəm ki, peşəkar ifaçı olmaq üçün ali təhsil almaq vacibdir. İxtisas müəllimim Anar Şuşalıdır, təhsilimdən çox razıyam.

- Roza Zərgərli ilə duetiniz uğurlu alındı. Duet oxumaq təklifi kimdən gəlmişdi?

- Doğrusu, duet oxumaq fikri yox idi. Düzdür, bəyəndiyim ifaçılar çox olsa da, təklif etməyə çəkinirdim. Verilişlərin birində Roza xanımla qonaq idik. Orada canlı ifa etdim, çox bəyəndi və təklif etdi ki, duet oxuyaq. Çox sevindim. Mərd qadındır, dostluğumuz da davam edir. Ümid edirəm ki, duetlərimiz davamlı olacaq.

- Daha çox hansı müğənniləri dinləyirsiniz?

- Trendə düşənləri dinləmirəm.. Amma bəyəndiyim ifaçılar da çoxdur. Elton Hüseynəliyev, Brilliant Dadaşova, Abbas Bağırov və Zamiqə sevərək qulaq asıram.

- Pərvin Səfərov “ulduz xəstəliyi”nə yoluxdumu?

- Xeyr, bu “xəstəliyə” tutulsaydım, indi göylərdə- ulduzların yanında olardım. Ətrafımdakı bəzi insanlar elə düşünürdü ki, məşhurlaşdıqca dəyişəcəyəm, amma həyatım əvvəlki qaydada davam edir. Xalqın, millətin içindən çıxan sadə vətəndaşam. Özünü “ulduz” sayan müğənnilərə xatırlatmaq istəyirəm ki, ulduz göydə olur.

Toylara gedirsinizmi?

- Əlbəttə. Ölkəmizdə ifaçıların qazancı toylardandır. Toyun öz repertuarı var. Məclislərdə çox vaxt klassika istəyirlər, amma digər musiqilərə də yer verirəm.

- Karyeranızda nə kimi yeniliklər gözlənilir ?

- Yeni bir mahnım hazırlanma mərhələsindədir. Həmin mahnıya klip də çəkiləcək. Dəyərli dostum “İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfovla gələcəkdə böyük layihələr planlayırıq. Düşünürəm ki, rezonans doğuracaq...

- İstedadlı, lakin maddi imkanı az olduğu üçün özünü tanıda bilməyən gənclərə məsləhətiniz?

- Mən videomla sübut etdim ki, kənd uşağı olsan belə, istedadın varsa, onu üzə çıxara bilərsən. Hansı sahə olmasından asılı olmayaraq, özlərinə güvənsinlər, bacara biləcəklərinə inansınlar. Bəzən mən də sıxılırdım, amma əl çəkmədim və istəyimə nail oldum. İndi internet dövrüdür. Bu platforma bacarıqları göstərmək üçün ən yaxşı meydandır.